Berti Foqts Uğur Pamukla bağlı qərarını açıqladı
28.03.2011 - 17:54
Berti Foqts Uğur Pamukla bağlı qərarını açıqladı
“İlk öncə onu qeyd edim ki, Uğur Pamuk özü Azərbaycan yığmasında oynamaq istəyir. Sözsüz ki, yalnız məşqlərə görə onun haqda qərar qəbul etməyəcəyəm”. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Milli komandamızın martın 19-dan 26-dək Almaniyadakı təlim-məşq toplanışına Uğur Pamuk da qatıldı. Əslən Azərbaycandan olan Uğurun ailəsi sonradan Türkiyənin İqdır şəhərinə köçüb. Almaniyanın aşağı divizion təmsilçisi olan “TUS Dornberq” klubunun 22 yaşlı sağ cinah yarımmüdafiəçisinin millimizi çağırılması haqda hələ yanvardan danışılsa da, bu dəfə reallaşdı. Foqts Almaniya vətəndaşı olan, almanca sərbəst danışan Pamuka dəvət göndərməklə, onunla yaxından tanış olmaq imkanı qazandı.

Maraqlıdır, o, Uğurun millimizdəki gələcək perspektivini necə görür? Foqts bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında apasport.az-ın əməkdaşının bununla bağlı sualını cavablandırdı: “Uğur Almaniyada oynayır və uğurlu çıxış edir. Buna görə də onun bir neçə oyununa baxmaq qərar qəbul etdim. Bu, həm ev, həm də səfər oyunları olacaq. Pamukun həmin görüşlərdə özünü necə aparmasına baxmaq istəyirəm. Onu deyə bilərəm ki, sürətli bir futbolçudur. Avropada oynadığından, bizim futbolçulara baxanda bir az fərq hiss olunur. Əsas odur ki, Uğur ilk gündən komandaya gələndə futbolçular onu bir qardaş kimi qəbul etdilər. Bu, onu göstərir ki, komandamızda əhval-ruhiyyə çox yüksək səviyyədədir. Yeni futbolçunu gələn gündən yaxşı qəbul edirlər. Bu da mehribançılığın göstəricisidir”.

Qeyd edək ki, bəndəniziniz “Neftçi”nin yanvarın 10-dan 20-dək Antalyanın “Titanik” otelində təlim-məşq toplanışında iştirak etdiyi zamanı Uğurla tanış olmuşdu. Həmin oteldə komandası ilə birgə hazırlıqda yer alan Pamuk saytımızdakı müsahibəsindən sonra AFFA rəsmilərinin diqqət mərkəzinə düşmüş, millimizin qapıçılarla işləyən məşqçisi Uli Ştayn Foqtsun göstərişi ilə futbolçunun klubundakı çalışdırıcı ilə telefonla söhbətləşmişdi.

Mehman SÜLEYMANOV