Emil Mpenza fotosessiyadan kənar qaldı
30.03.2011 - 18:00
Emil Mpenza fotosessiyadan kənar qaldı
Avro-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyunundakı qələbədən sonra Belçika futbol ictimaiyyətinin əhval-ruhiyyəsi yüksəkdir. Apasport.az saytının məlumatına görə, 4:1 hesablı qələbənin məmnunluğunu yaşayan həmkarlarımız yığma tarixinin ilk “onluğ”unu tərtib ediblər.

Daha doğrusu, ən çox oyun keçirən 10 oyunçudan ibarət fotosessiya hazırlayıblar. Yığmamıza qarşı forma geyənlərdən yalnız Timmi Simons orada yer alıb. O, 82-ci matçını keçirməklə, 5-ci pillədə qərarlaşıb.

Fotosessiyadan kənarda qalanlar da unudulmayıb. “Onluğ”a ən yaxın olanlar, karyerasını davam etdirənlər arasında namizədlər və ən çox oynayan gənclərin də ayrı-ayrılıqda adları hallanıb. Hələ futbol oynayan və “onluğ”a yaxın olanlar arasında Daniel van Buyten və Uesli Sonkla yanaşı, Bakının “Neftçi” klubunun hücumçusu Emil Mpenza da var. Lakin 57 dəfə milli forma geyən 33 yaşlı Emil hələ top qovsa da, yığmada oynamaq gücündə deyil. Artıq neçə vaxtdır milliyə lazım olmayan veteran futbolçu üçün elə 57 rəqəminin dəyişməz qalacağı ehtimal olunur.

Qeyd edək ki, “onluq”da sonuncu olan Mark Vilmots və Lorenso Stalens hərəyə 70 dəfə milli forma geyiblər.