Rauf Əliyev: “Neftçi”yə məğlubiyyət bizə zərbə vuracaq
31.03.2011 - 23:00
Rauf Əliyev: “Neftçi”yə məğlubiyyət bizə zərbə vuracaq
“Qarşıda 2 gün vaxtımız var. Bu müddət ərzində yorğunluğu üzərimizdən atmağa və “Neftçi” ilə oyuna yaxşı hazırlaşmağa çalışacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Rauf Əliyev deyib.

Yığmanın düşərgəsindən döndükdən sonra dünən klubla ilk məşqinə çıxan hücumçu Premyer Liqannın növbəti turunda “Neftçi” ilə oyun haqda danışarkən, məğlubiyyətin çempionluq yolunda böyük zərbə olacağını qeyd edib. Buna görə də Rauf meydana xal qazanmaq üçün çıxacaqlarını bildirib: “Final mərhələsində oyunların sayı elə də çox deyil. Bu səbəbdən məğlubiyyət bizə zərbə vuracaq. Bu baxımdan bizə heç-heçə də sərf edəcək. Təbii ki, ilk məqsədimiz qələbə olacaq. Ən pis halda, yenilməməliyik. Çünki bu matç 6 xallıq oyundur”.

Millinin heyətində Belçikaya böyük hesablı məğlubiyyətin psixoloji cəhətdən pis təsir göstərdiyini də bildirən hücumçu bunu unutmağa çalışacaqlarını deyib: “Bəli, böyük hesablı yenilgi bizə mənfi təsir göstərib. Ancaq o oyunu unutmalıyıq. Toparlanıb “Neftçi” ilə dueldə sərfəli nəticə qazanmalıyıq. Buraxılacaq səhvi sığortalamaq üçün vaxt azdır”.
0