Berti Foqts getsin, yoxsa qalsın?
06.04.2011 - 14:32
Berti  Foqts getsin, yoxsa qalsın?
Son vaxtlar Azərbaycan futbolunda əsas müzakirə obyekti milli komandamızla bağlıdır. Xüsusilə, Avro-2012-nin seçmə mərhələsində Brüsseldə Belçika yığmasına 1:4 hesablı məğlubiyyətdən sonra almaniyalı baş məşqçi Berti Foqtsun istefaya getməsi, yaxud qalması ilə bağlı müzakirələr artıb.

Foqtsu istəməyənlər onu saxlamağın faydasız olduğunu saydıqlarından, indi istefaya göndərilməsinin tərəfdarıdırlar. Bu fikrə qarşı çıxanlar isə seçmə mərhələnin ortasında baş məşqçi dəyişikliyini lüzumsuz görərək, onun müqaviləsinin sonuna kimi postunda qalmasını deyirlər.

Maraqlıdır, futbolumuzda çəkisi, vaxtilə milli komandamıza bağlı olanlar nə düşünürlər? Biz apasport.az saytı olaraq, bununla bağlı sorğu keçirib, mütəxəssislərə konkret sual verdik: Foqts getsin, yoxsa qalsın? Respondentlərdən seçimlərini açıqladıqları zaman bunun səbəbini də bildirmələrini istədik.

Ağasəlim Mircavadov (Azərbaycan milli komandasının sabiq baş məşqçisi, “Şöhrət” ordeninə layiq görülən veteran futbolçumuz): “Məlumdur ki, milli komandaya baş məşqçi məsələsi AFFA-nın səlahiyyətində olduğundan, biz buna qərar verə bilmərik. Bir şeyin tərəfdarıyam ki, hər oyundan sonra baş məşqçidən hesabat tələb olunmalıdır. Baş məşqçi klublara izahat verməlidir ki, nəyin üzərində çalışmaq lazımdır. Yəni, milli ilə klubların işinin vəhdəti olmalıdır. Yoxsa baş məşqçini çıxartmaq və ya qalması ilə bağlı qəti fikir söyləyə bilmərik. Biz fikirləşməliyik ki, nədə uda, nədə uduza bilərik. Bunu tərəzinin gözünə qoyub, müqayisə aparmalıyıq”.

Yunis Hüseynov (Azərbaycan milli komandasının sabiq kapitanı): “Bu suala cavab vermək istəməzdim. Çünki hazırda işsizəm və məni düzgün başa düşməzlər. Seçim qarşısında qalsaydım, “getsin” deyərdim. Ancaq niyə belə deməyimlə bağlı izah verməyəcəyəm. Çünki o qədər ağzıgöyçəklər var ki... Buna görə də səbəblər haqda danışmaq qalsın sonraya”.

Nazim Süleymanov (Azərbaycan milli komandasının sabiq kapitanı): “Mən hər kəsin bu məsələ ilə bağlı öz fikrinin olduğunu başa düşürəm. Ancaq tutaq ki, Türkiyə üzərində qələbədən sonra Foqtsu qəhrəman ediriksə, Belçikaya məğlubiyyətdən sonra antiqəhrəman etmək də düzgün deyil. Səfərdə 1:4 hesabı ilə uduzmuşuqsa, deməli, Foqts getməlidir? Onun öz sistemi var, bunu qurub və işini davam etdirməsinə imkan yaratmalıyıq”.

Şahin Diniyev (Azərbaycan milli komandasının sabiq kapitanı və baş məşqçisi): “Əslində, bu sualın bizə aidiyyatı yoxdur. Çünki Foqtsun qalıb-qalmamağına AFFA rəhbərliyi, İcraiyyə Komitəsi qərar verir. Adətən yığmada baş məşqçi məsələsinə seçmə mərhələnin sonunda baxılır. Onda komandanın çıxışı müzakirə edilir, qiymət verilir və çalışdırıcı ilə yolların ayrılmasına, yaxud əməkdaşlığın davam etdirilməsinə qərar verilir. Foqts hələ ötən seçmə mərhələnin əvvəlindən millimizin “sükanı arxasında”dır. Yığmamızın heyəti, oyunçu seçimi, taktikası onun rəhbərliyi altında formalaşdırılıb. Hər şey itirilməyib ki, indidən qəti qərar çıxarasan. Çünki qarşıdakı ən vacib oyunlarımızdan biri var ki, bu da iyunun 3-də səfərdə Qazaxıstana qarşıdır. Bu oyundakı nəticədən sonra məsələyə baxmaq olar”.

İsgəndər Cavadov (“Şöhrət” ordenli veteran futbolçumuz, AFFA-nın İcraiyyə Komitəsinin üzvü): İndi Foqtsun getməsi düzgün deyil. Çünki seçmə mərhələnin sonunu gözləmək lazımdır. Onda Foqtsdan hesabat tələb etmək lazımdır ki, bu 4 ildə, 2 seçmə mərhələdə nə edib. Bəyəm indi Foqtsu çıxarsaq, hansı nəticə olacaq? O, nə söz veribsə, bunun yerinə yetirilməsinə imkan yaratmalıyıq. Bütün bunları başa düşmək lazımdır. Sizə söz verirəm ki, vaxtı gələndə Foqtsun fəaliyyəti ilə bağlı bir peşəkar kimi fikirlərimi bildirəcəyəm”.

Nadir Qasımov (Milli komandamızın sabiq məşqçisi): “Mövsüm ərzində, seçmə mərhələnin oyunları davam etdiyi müddətdə məşqçi dəyişikliyin əleyhinəyəm. Yeni məşqçi gələcək və onun öz planları olacaq. Həmin məşqçi futbolçuları öz planına uyğunlaşdırmalıdır. Şübhəsiz, bu da uzun sürən bir prosesdir. Bir nəfər deyil ki, onu öz planına uyğun hazırlasın. 28-30 nəfəri hazırlamaq, yönləndirmək vaxt tələb edir. Mən inanmıram ki, hansısa məşqçi gəlib milli komandada ciddi dəyişiklik edə bilsin. Bundan başqa, Berti Foqts komandada bir çox futbolçunun simpatiyasını qazanıb. Hazırkı anda məşqçi dəyişikliyi futbolçulara mənfi mənada öz təsirini göstərə bilər. Yəni, məşqçi dəyişikliyi bu gün vacib deyil. Təcrübəli məşqçi kimi komandadakı dəyişikliyin nə olduğunu yaxşı bilirəm. Bəzi futbolçular bunu yaxşı qarşılayır, bəziləri yox. Həmin bu münasibət komandada nifaq yaradır. Uşaqların biri-birinə olan münasibəti dəyişir. “Neftçi” variantı göz önündədir. 4 il keçib “Neftçi” yeni-yeni özünə gəlib. Məncə, bu gün tələsik qərar vermək lazım deyil. Türkiyə ilə oyunda Foqtsu dağın başına qaldırıb qoymuşduq. İndi bir oyuna görə oradan yerə buraxaq? Bu futboldur, hər şey ola bilər. Bizim komanda iki stabil oyun göstərməyə hazır deyil. Bu da çempionatda iştirak edən komandalardan asılıdır. Nə qədər klublarımız güclü olmasalar, stabil oyun nümayiş etdirməsələr, bu amil milli komandada özünü büruzə verəcək. Yenə deyirəm, onu göndərməyə tələsməməliyik. Seçmə mərhələnin sonuna qədər imkan yaradılmalıdır. O işini axıra qədər davam etdirməlidir. Sabah bizim deməyə sözümüz olsun. Sabah gedib deməsin ki, işimi yarımçıq qoydular”.

Göründüyü kimi, Foqtsun qalmasının tərəfdarları da var, əleyhdarları da. Şəxsən mən də istefanın əleyhinəyəm. Foqtsun qovulması bizə, elə AFFA-ya da heç nə qazandırmayacaq.

Məlumdur ki, məşqçi ilə müqavilə vaxtından əvvəl birtərəfli pozulsa, buna görə qarşı tərəfə təzminat ödəməlisən. Foqts vəzifəsindən çıxarılsa, heç nə itirməyəcək. Təzminatını alıb, Almaniyaya dönəcək ki, bu əlavə xərci futbolumuzun inkişafına yönəltmək daha məqsədəuyğun olardı. Onsuz da seçmə mərhələni ən yaxşı halda qrupda 5-ci yerdə bitirəcəyik. Bu, bizim üçün nə qədər acı fakt olsa da, Avstriyanı qabaqlayaraq, 4-cü olmağımız real deyil.

O başqa məsələ ki, futbolumuza yatırılan bu qədər sərmayənin qarşılığında, Foqts kimi baş məşqçi ilə qrup sonuncusu olmamalı, Qazaxıstanı mütləq qabaqlamalıyıq. Əgər bu da olmasa, onda alman çalışdırıcı haqda qəti qərar çıxartmaq haqda fikirləşməyə dəyər.

Mən o fikirlə də razıyam ki, indiki dövrdə nəinki Foqts, lap dünyanın ən güclü məşqçisi Joze Mourinyonu da gətirsək, yüksək nəticə qazana bilməyəcəyik. Çünki komandamızın, futbolçularımızın potensialı buna imkan vermir. Potensialımız heç olmasa gürcülər kimi olsaydı, onda Foqtsdan nəticə tələb etmək olardı...


Mehman SÜLEYMANOV