“Çempiona qarşı bütün klublar ikiqat motivasiya ilə oynayır” - MÜSAHİBƏ
07.04.2011 - 08:48
“Çempiona qarşı bütün klublar ikiqat motivasiya ilə oynayır” - MÜSAHİBƏ
Bakının “İnter” komandasının futbolçusu Dmitri Kruqlov klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, estoniyalı legioner Azərbaycan Premyer Liqası və öz yığması haqda fikirlərini açıqlayıb.

- AZAL ilə matçda komanda təxminən bütün oyun ərzində dominantlıq etdi, lakin təəssüf doğuran qol buraxdı və rəqibin qapısına yol tapa bilmədi. Məğlubiyyətin əsas səbəblərini nədə görürsünüz?
- Təəssüf ki, artıq birinci dəfə deyil ki, biz oyunda üstünlüyə malik olsaq da, qol buraxırıq və sonradan cavab qolu vurmağa cəhdlərdə çətinlik çəkməyə başlayırıq. Həlledici anda komandaya diqqətlilik çatmır. Bizə hücumda aqressivlik və müdafiədə diqqətlilik çatışmır. Bu, əvvəlki matçlarda, AZAL ilə qarşılaşmada da baş verdi.

- Azərbaycan çempionatının son dörd matçında komanda qələbəyə nail ola bilməyib. Bunu nə ilə əlaqələndirərdiniz?
- Məğlubiyyət və xal itkisi həmişə psixoloji cəhətdən sarsıdır. Ancaq düşünürəm ki, yaxşı oyunla müşahidə olunan bir qələbə bizi əvvəlki vəziyyətə qaytaracaq.

- Bu gün komandanın əsas məqsədi Avrokuboka düşməkdən ibarətdir. Sizin fikrinizcə, “İnter” bu tapşırığın öhdəsindən gələ biləcək?
- Çempion titulunu qazanmaq bu titulu saxlamaqdan həmişə çətindir. Axı, çempiona qarşı bütün klublar ikiqat motivasiya ilə oynayır. Avrokuboka gəldikdə isə ancaq onu deyə bilərəm ki, bizim komandanın ən qiymətli vəsiqəni əldə etmək üçün hər imkanı var. Bundan başqa, biz məqsədimizə həm çempionat, həm də kubok vasitəsilə çata bilərik.

- Qarşıda komandanı çempionatda liderlik edən “Neftçi” ilə matç gözləyir. Bu oyun barədə nə deyə bilərsiniz?
- İkinci dövrədə onlarla heç-heçə oynamışdıq - 1:1. Həmin qarşılaşmada komandamız əla görünürdü və yalnız final fitinin səslənməsinə yaxın qələbəni əldən verdik. Qarşıdakı matçın əhəmiyyəti barədə nəsə deməyə dəyməz, hamı onsuz da bu qarşılaşmanın dəyərini bilir.

- “Neftçi” sizin üçün yad komanda deyil, orada bir neçə il oynamısınız. Bu vəziyyət onlara qarşı keçirilən matçlarda sizə kömək edir?
- Həmişə kömək etdiyini deməzdim. Ancaq motivə etdiyi dəqiqdir. Axı, keçmiş komandana qarşı oyunda özünü yalnız yaxşı tərəfdən göstərməyə çalışırsan, nəyə qadir olduğunu göstərməyə cəhd edirsən. Amma daha vacibi qələbədir.

- Çempionluq uğrunda mübarizə aparan favoritlərdən hansı komandanı fərqləndirərdiniz?
- Şansı olan bütün komandalar titul uğrunda mübarizə aparır. Kimisə fərqləndirmək istəməzdim. Turnir cədvəlində hamıdan yuxarıda “Neftçi” və “Xəzər-Lənkəran” komandaları qərarlaşıb, lakin bu, onlara final uğuruna zəmanət vermir. Hər bir komanda xal və üstünlüyü itirə bilər.

- Bu yaxınlarda Estoniya yığmasının düşərgəsindən qayıtmısınız. Avro-2012 seçmə turnirində komandanız olduqca yaxşı təsir bağışladı və artıq 7 xal toplayıb. Estoniya milli komandasının çıxışı barədə fikirlərinizi bilmək istərdik...
- Hər bir futbolçu üçün milli komanda xüsusi əhəmiyyət daşıyır. Milli komandada oynamaq həmişə xoşdur. Axı, ölkənin şərəfini müdafiə edən zaman həddən artıq motivasiyalı olursan. Xüsusilə xoşdur ki, Uruqvay və Serbiya kimi güclü komandalara qarşı matçlarda qalib gələ bilirik. Bu uğurlar hamıya çox müsbət təsir göstərdi.

- Serbiya komandasına qarşı keçirilən iki oyunda 4 xal toplamağı bacardınız. Bu komandanı səfərdə də məğlub etdiniz və öz meydanınızda heç-heçə oynadınız...
- Bizim çox möhkəm kollektivimiz var. Bütün futbolçular bunu bilirlər, ən başlıcası odur ki, meydançada vəzifələrini ürəklə yerinə yetirirlər. Baş məşqçimiz Tarmo Ryuyutlinin xidmətlərini də qeyd etmək lazımdır. O, yaxşı komanda hazırlayıb. Uşaqlar var güclərilə oynayırlar və çox sevindirir ki, bizdə alınır.

- Serbiya ilə ilk oyundan sonra Estoniya mətbuatında sizi hətta rəqibin ulduz futbolçusu Milaş Krasiçlə müqayisə edirdilər...
- Doğrusu, bunu ilk dəfədir eşidirəm(gülür). Bununla yanaşı, belə futbolçu ilə müqayisə edilmək mənim üçün çox xoşdur. Lakin qeyd etmək istərdim ki, mən hər halda Krasiçlə başqa-başqa futbolçularıq. O, daha çox yüksək sürətə və əla driblinqə malik fərdi oyunçudur. Krasiç rəqibin müdafiəsinə çox sayda narahatlıq verməyə alışıb, mən isə daha çox komanda oyunçusuyam. Komandaya oynamağa və ilk növbədə kollektivə xeyir gətirməyə çalışıram.

- Sizin İtaliya yığmasıyla növbəti oyununuzun keçirilməsi yeri təyin edildi-oyun Modenada baş tutacaq. Keçmiş çempionla görüş barədə nə deyə bilərsən?
- Belə matçların öz spesifikası var. Təbii ki, italyanlar qalib gəlmək istəyəcəklər, lakin biz asanlıqla təslim olmağa hazırlaşmırıq.