Namiq Yusifov: İlk növbədə “Xəzər Lənkəran”la oyuna konsentrasiya olmalıyıq
07.04.2011 - 17:41
Namiq Yusifov: İlk növbədə “Xəzər Lənkəran”la oyuna konsentrasiya olmalıyıq
“Xəzər-Lənkəran”la oyuna adi oyun kimi yanaşırıq. Bilirik ki, cox vacib oyundu. Komandamızın tam heyətlə çalışması da yerinə düşdü”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın futbolçusu Namiq Yusifova məxsusdur.

Gənc yarımmüdafiəçi Premyer Liqanın XXVI turunun “Xəzər Lənkəran”la keçirəcəkləri oyunu haqda fikirlərini Ağdam klubunun rəsmi saytına açıqlayıb: “Xəzər Lənkəran” həqiqətən yaxşı komandadır. Fərdi keyfiyyətlərə malik çox güclü oyunçuları var. Amma etiraf etməliyəm ki, onların arasında Parks tam fərqlənir. O, müdafiəni təkbaşına yarmağa qadirdir. Bu o demək deyil ki, rəqibdən çəkinirik. Biz hər oyuna qələbə üçün çıxırıq. “Neftçi” ilə görüşdə həqiqətən də şanssızlıqla üzləşdik. İlk dəqiqələrdə qol buraxmağımız oyunumuzu təmiz pozdu. Bəli, baxanda gərək hər vəziyyətə hazır olasan. Amma həmin gün bizim günümüz deyildi. Artıq “Neftçi”ylə oyunda baş verənləri unutmuşuq. Onlarla hələ daha bir oyunumuz var. Ona qədər isə digər qarşılaşmaları fikirləşmək lazımdır”.

Yusifovun sözlərinə görə, aprelin 10-da Lənkəran təmsilçisi ilə baş tutacaq qarşılaşmada onları yalnız qələbə qane edəcək: “Qarşıda bizi 7 oyun gözləyir. Hələ çox şey dəyişə bilər. Amma ilk növbədə aprelin 10-da baş tutacaq oyuna konsentrasiya olmaq lazımdır. Bu oyunda qazanacağımız qələbə bizə üstünlük verəcək. Amma udmaq üçün çox çalışmalıyıq. “Xəzər Lənkəran” 3 oyundu qələbə qazana bilmir. Nəyin bahsına olursa olsun qələbə qazanmaq istəyəcəklər. Ona görə də bu oyuna ciddi hazırlaşırıq”.

Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” qarşılaşması Suraxanı qəsəbə stadionda keçiriləcək.