Fərhad Vəliyev: Ola bilsin, getdim
07.04.2011 - 18:57
Fərhad Vəliyev: Ola bilsin, getdim
“Əsas heyətdə yer almamağım baş məşqçinin seçimi ilə bağlıdır. Nə vaxt etimad göstərilsə, çıxıb oynayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev deyib.

Qış fasiləsində Boyan Pavloviçin transferindən sonra “Qarabağ”ın əsas qapıçısı olan Vəliyev artıq ikinci plana keçib. Belə ki, əksər oyunlarda baş məşqçi Qurban Qurbanov serbiyalı qolkiperə etimad göstərib. Hətta bu səbəbdən Vəliyev yığmadakı mövqeyini də itirmişdi.

Lakin Berti Foqts yenidən onu milliyə dəvət etdi. Rəqabətdə Pavloviçə uduzmadığını deyən Vəliyev komanda yoldaşının da zəif qapıçı olmağını vurğulayıb: “Rəqabəti uduzmuram. Məni tanıyanlar necə qapıçı olduğumu bilirlər. O da pis qapıçı deyil. Meydana çıxdığı oyunlarda sabit çıxış edib. Bununla belə, ruhdan düşməməliyəm. Vaxtımı gözləyirəm. Həm də indiki məqamda kimin oynamasından çox “Qarabağ”ın uğur qazanması vacibdir”.

Qışda Türkiyənin Bank Asiya Liqasında çıxış edən klublardan birinin diqqət mərkəzinə düşən həmyerlimiz elçilərinə “yox” cavabı verib. Ancaq Fərhad yayda yenidən təklif alacağı təqdirdə dəyərləndirə biləcəyini bildirib: “Bank Asiya komandasından təklif almışdım. Müqaviləm olduğuna görə getmədim. 2012-ci ilə qədər “Qarabağ”dayam. Ancaq yayda yenidən təklif alsam, klub rəhbərliyi ilə məsləhətləşəcəyəm. Ola bilsin, getdim. Təklifdən də çox şey asılıdır”.