“Abşeron” hələ qərarını verməyib
07.04.2011 - 19:04
“Abşeron” hələ qərarını verməyib
“Premyer Liqaya vəsiqə qazansaq, ev oyunlarımızı hansı stadionda keçirəcəyimiz hələ dəqiqləşməyib. Komanda rəhbərliyi bununla bağlı qərarını verməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Abşeron” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.

Yayda təsis edilən və ölkə çempionatının I divizionunda mübarizə aparan “Abşeron” hazırda Premyer Liqaya yüksəlməyə ən real namizəddir. Belə ki, cari mövsümdə 20 oyun keçirən paytaxt təmsilçisi cəmi 2 görüşdə heç-heçə edib.

Qalan 18 qarşılaşmadan maksimum xalla ayrılan “Abşeron” həm də zirvədə qərarlaşıb. İsayevin komandasını digər rəqibləri üçün əlçatmaz hesab etmək olar. Belə olan təqdirdə, görəsən, paytaxt klubu elitada rəqiblərini hansı stadionda qəbul edəcəyini müəyyənləşdiribmi? Baş məşqçi bu məsələnin mövsümün sonunda həllini tapacağını qeyd edib: “İlkin variant kimi “Dalğa” nəzərdə tutulub. Ancaq yenə deyirəm, bu klub rəhbərliyinin işidir. Mənim məqsədim məğlub olmadan Premyer Liqaya vəsiqə qazanmaqdır”.

Hazırda məşqlərini “Neftçi”nin keçmiş bazasında keçirən “Abşeron” icarəyə götürdüyü stadionda həm də məşqlərini reallaşdırmalıdır: “Premyer Liqada oynayan komanda üçün saatyarımlıq məşq kifayət etməyəcək. Biz elə stadion seçməliyik ki, orda gün ərzində iki dəfə məşq etməyə şərait olsun. Daha saat yarım tamam olanda deməsinlər ki, meydançanı boşaldın. İnşallah, yaxın günlərdə məsələ öz həllini tapacaq. Mənim üçün stadionun harada yerləşməsi vacib deyil. Əsas şəraiti olsun. Məşq keçəndə kiməsə mane olmayaq”.