Azərbaycan futbolunu gözləyən faciə
07.04.2011 - 23:01
Azərbaycan futbolunu gözləyən faciə
“Final mərhələsində qələbə qazanmaq asan deyil. Çünki bütün komandalar ehtiyatlı oynayırlar. Ancaq AZAL-la görüşdə bu uğursuz seriyaya son qoyacağımıza inanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov deyib.

Premyer Liqanın XXV turunda cəza səbəbindən meydana çıxmayan kapitan həftəsonu baş məşqçinin şans verəcəyi təqdirdə komanda yoldaşlarına kömək etmək niyyətindədir. Təbii ki, vitse-çempion və ölkə kubokunun hələlik sonuncu sahibinin hazırkı çıxışı, eləcə də turnir cədvəlində qərarlaşdığı mövqe komandanın “uğursuzluq zolağı”ndan qurtula bilməməsini göstərir.

Artıq liderdən 20, ikinci və üçüncü pillədən müvafiq olaraq 14 və 13 xal geri qalıb. Buna baxmayaraq, paytaxt təmsilçisinin kapitanı ümidlərini itirmədiklərini bildirib: “Niyə hamı “Bakı” üçün hər şeyin bitdiyini düşünür. Hələ heç nə bitməyib. Ümidimiz var. Ötən ilki situasiyanı yaddan çıxarmaq olmaz. Hər şey sonuncu turda dəyişdi”.

Hazırda “Bakı” üçün kubokun vacib əhəmiyyət kəsb etdiyini inkar etməyən müdafiəçi avrokuboklardan kənar qalacaqları təqdirdə bunun Azərbaycan futbolu üçün faciə olacağını vurğulayıb: “Əsas kuboku qazanmalıyıq. Ancaq çempionatdan da əlimizi üzməmişik. Çempionatda yaxşı oynamadığımızı dərk edirik. Lakin avrokuboklara vəsiqə qazanmalıyıq. Bunu reallaşdıra bilməsək, bu, Azərbaycan futbolu və bizim üçün faciə olacaq. Çünki “Bakı” elə-belə komanda deyil. Hər il çempionluq uğrunda mübarizə aparırıq. Cari mövsüm də istisna deyil”.