Azərbaycan klubu “Ayaks”a bənzədildi
08.04.2011 - 08:32
Azərbaycan klubu “Ayaks”a bənzədildi
“Rusiyadakı yarış yaxşı təşkil olunmuş beynəlxalq turnir idi. Belə yarışda iştirak etməyə imkan yaratdığına görə “İnter” rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Uşaqlarımız böyük təcrübə topladılar. Soçidə Rusiyanın, Ukraynanın və yaxın xariç ölkələrin ən yaxşı komandaları iştirak edirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun 2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandasının baş məşqçisi Rövşən Babayev deyib.
Rusiyanın Soçi şəhərində Valentin Bubukinin xatirəsinə həsr olunmuş turnirdə 3-cü olan komandanın çalışdırıcısı yarış haqda fikirlərini açıqlayıb: “Səmimi demək istəyirəm, biz onlardan heç nə də geridə qalmadıq. Bizim yaş kateqoriyamızda keçirilən turnirdə 20 komanda mübarizə aparırdı. Püşkatmanın nəticələrinə görə biz ən güclü olan “A” qrupuna düşdük. Bizim komanda bir dəfə də məğlub olmadı, bununla belə vurulmuş və buraxılmış qop fərqinə əsasən qrup mərhələsini 2-ci yerdə başa vurduq. Turnirin reqlamentinə görə bizi 3-cü yer uğrunda Rusiyada məşhur olan Apşev adına “UGFM-31” klubuyla qarşılaşma gözləyirdi. Bu qarşılaşmada komandamız toparlandı və vacib qələbə əldə etməyi bacardı”.
Babayev komandasını Hollandiyanın məşhur “Ayaks” klubu ilə müqayisə edib: “Bəli. Komandanın hücumçusu Təbriz İsazadə “İnter” məktəbinin ən istedadlı futbolçularından biridir. Mən artıq demişəm ki, o, Azərbaycanda tanınan futbolçunun - Fariz İsazadənin oğludur. 13 qolla Təbriz Soçidə turnirin bombardiri oldu. “Dinamo” (Moskva), “Spartak” (Moskva) və “Zenit” (Sankt-Peterburq) kimi Rusiya klublarının məşqçi-seleksiyaçılarının diqqətini cəlb etdi. Bundan başqa, Abbas Abbasov turnirin ən yaxşı qapıçısı, Murad Bağırov isə turnirin ən yaxşı müdafiəçisi seçildi. Bilirsiniz, “İnter” - Azərbaycanın “Ayaks”ıdır, bu klubda Uşaq-Gənclər Futbol Məktəbinə xüsusi diqqət yetirilir, burada 10-dan artıq uşaq komandası fəaliyyət göstərir. Bununla yanaşı, uşaq futbolunun inkişafı planında böyük işlər görülür”.