Azərbaycanlıların Misimoviç sevdası
08.04.2011 - 14:13
Azərbaycanlıların Misimoviç sevdası
Bosniya və Herseqovina milli komandasının liderlərindən biri Zvezdan Misimoviçin Rusiyanın “Anji” klubuna baş tutmayan keçidi ilə bağlı maraqlı məqam ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Qalatasaray” klubundan Moskva “Dinamo”suna transfer olunan hücumçunu Rusiyaya azərbaycanlılar aparmaq istəyirmiş.

Bunu Salyanın “Muğan” klubunun sabiq baş məşqçisi Almir Hurtiç açıqlayıb. Onun sözlərinə görə həmyerlilərimiz Bəxtiyar Gülməmmədov və Vaqif Sadıqov Misimoviçi “Anji”yə keçməsi üçün çalışırmış: “Azərbaycanlı futbol meneceri Bəxtiyar və onun “Anji”də çalışan həmyerlisi mənimlə əlaqə saxladılar. Bu, ötən mövsüm “Neftçi”yə rəhbərlik edən indi isə “Anji”də çalışan məşqçi idi. Onunla hələ “Muğan”da çalışdığım vaxt görüşmüşdüm. Azərbaycanlılar məndən Misimoviç haqda məlumat aldılar”.

Hurtiç həmyerlilərimizə kömək etdiyini də etiraf edib: “Onlar Misimoviçin yığmanın son oyunundakı iştirakı ilə maraqlandılar. Həmin matçın kasetini istədilər. “Qalatasaray”ın onu satmağa və ya icarəyə verməyə razı olub-olmayacağını bilmək istəyirdilər. Mən də Zvezdanın telefon nömrəsini onlara verdim ki, özü ilə danışsınlar. Bəxtiyar onun haqda hər məlumatı toplamaqda maraqlı idi. Lakin onlar təksə Misimoviçlə maraqlanmırdılar. Bəxtiyar məndən Seyad Salihoviç və Vedad İbişeviç haqda da hər şeyi soruşdu”.