“Son iki oyunda mükafat fondundan yararlana bilmədik” - FOTO
08.04.2011 - 14:32
“Son iki oyunda mükafat fondundan yararlana bilmədik” - FOTO
“Yeganə stimulumuz ikinci altılıqda ən yüksək pillə hesab edilən 7-ci sıraya yüksəlməkdir. Bunun üçün də “Qəbələ”ni keçməliyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun futbolçusu Elşən Məmmədov deyib. Təsnifat mərhələsinin sonunda qazandığı nəticələrlə diqqət mərkəzinə düşən, hətta “Qəbələ”ni məğlub etməklə onu mükafatlar uğrunda mübarizədən kənarlaşdıran “Muğan” final mərhələsində özünü göstərə bilmir. Salyan təmsilçisi “Simurq”u yensə də, “Qəbələ”yə məğlub olub, MOİK-lə xalları yarı bölüb. Məmmədov bazar günü “Gəncə” ilə səfər oyununda uğursuzluğa son qoymaq fikrində olduqlarını bildirib: “Gəncə” ilə cari mövsümdə iki dəfə qarşılaşmışıq. Salyandakı oyunda heç-heçə edib, Gəncədəki görüşdə məğlub olmuşduq. Bu dəfə tilsimi sındırmaq istəyirik”.

Təbii ki, Premyer Liqadakı yerini təmin edən komandanı qalan oyunlara kökləmək çətindir. Bunu nəzərə alan klub rəhbərliyi mükafat vəd etməklə, boşluğu doldurmağa çalışır. Hələlik “Gəncə” ilə görüş üçün mükafat fondu açıqlanmayıb. Elşən bunun oyun günü məlum olacağını deyib: “Mükafatla bağlı məlumat oyun günü bilinir. Bundan əvvəlki oyunlarda komandaya mükafat vəd olunmuşdu. Çox təəssüf ki, son iki oyunda qələbə qazanmayaraq, mükafat fondundan yararlana bilmədik”.

Hücumçu ”Muğan”dakı taleyinə gələn ayın sonlarında aydınlıq gətiriləcəyini deyib: “Hələ heç bir klubdan təklif almamışam. “Muğan”da qalmaq təklifi hələ olmayıb. Yəqin, mayda bilinəcək. Hazırkı komandamda qalmağımın əleyhinə deyiləm. Amma bunun üçün “Muğan”ın iddiası açıqlanmalı, kimləri transfer edəcəyi müəyyənləşməlidir”.