Aleksey Savinov: “Xəzər Lənkəran” və ya “Milan”, fərqi yoxdur
12.04.2011 - 10:30
Aleksey Savinov: “Xəzər Lənkəran” və ya “Milan”, fərqi yoxdur
“Son 2 oyunda adımın protokola daxil edilməməyi zədəmlə bağlı idi. “Neftçi” ilə qarşılaşmada xəsarət aldığım üçün müalicə olunurdum”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın moldovalı futbolçusu Aleksey Savinov deyib.

Artıq zədə problemi qalmadığını bildirən Savinovun sözlərinə görə, komandasının ümumi hazırlığına qatılıb: “Növbəti tura hazırlaşan komandamızın hazırlığında iştirak edirəm. “Qarabağ”la matçda oynamağıma gəlincə, buna baş məşqçi qərar verəcək. Kimi meydana buraxmaq artıq onun səlahiyyətində olan məsələdir. Mənim əvəzinə son 2 matçda oynayan kapitanımız Rafael Əmirbəyovun yaxşı çıxış etdiyini deyə bilərəm”.

Latviyalı Aleksandr Starkovun baş məşqçi postuna gəlişindən sonra əsas heyətə qayıdan Savinovun fikrincə, onunla çalışmaq asandır: “Starkov tanınmış mütəxəssisdir, onunla işləmək asandır. Sadəcə, hər bir yeni baş məşqçiyə vaxt lazımdır ki, komandanı ayaq üstə qaldırsın. Bu səbəbdən tələsməyək, gəlin, ona vaxt verək. Necə deyərlər, cücəni payızda sayarlar”.

Moldovalı legioner cari mövsümü titulla başa vurmalarını real sayır. Çempionatda 6-cı yerdə gedən “Bakı”nın futbolçusu ölkə kubokunun sahibi adını qoruyacaqlarına, ötən mövsüm olduğu kimi, “Xəzər Lənkəran”ı yenə məğlub edəcəklərinə inanır: “Çempionatdakı yerimizə görə ruhdan düşməyib, əlimizi yana salmamalıyıq. İstənilən halda, mübarizəmizi sona kimi davam etdirəcəyik. Kubok cari mövsümdə avrokuboklara çıxmaq üçün son şansımızdır. Bu zaman rəqibin güclü, yaxud zəif olmasının fərqinə varmamalısan. Fərqi yoxdur, qarşındakı “Xəzər Lənkəran”, yoxsa “Milan”dır, meydana çıxıb, bütün gücünü qoymalısan. Çünki son şans olduğundan, bundan maksimum istifadə etməliyik. Biz də “Xəzər Lənkəran” kimi güclüyük. Sadəcə, cari mövsümdə bəzi səbəblərdən ən yaxşı futbolumuzu göstərə bilmirik. Ümid edirəm ki, kubokda buna nail olacağıq”.

Qeyd edək ki, Aleksey 3-cü ildir oynadığı “Bakı”da əvvəlki mövsümlərdə çempionluq və ölkə kubokunu qazanıb.

Mehman SÜLEYMANOV