“Barselona” Joze Mourinyonu susdurdu
16.04.2011 - 09:28
“Barselona” Joze Mourinyonu susdurdu
Madridin “Real” klubunun məşqçisi Joze Mourinyonu “Barselona” ilə bugünkü derbi oyun öncəsi susmağı üstün tutub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis matç öncəsi jurnalistlərin suallarını cavablandırmaq istəməyib. Onun əvəzinə bunu köməkçisi Aytor Karanka edib. Mourinyo isə bütün mətbuat konfransı boyu susub.

Karanka baş məşqçisinin hərəkətini hörmətsizlik kimi qəbul edilməməyini istəyib: “Hər dəfə Mourinyo nəsə deyəndə, onun sözləri təhrif edilir. Joze belə olmasını istəmir. Bunu “Kral klubu”nun azarkeşlərinə qarşı hörmətsizlik kimi qiymətləndirmək lazım deyil. Çünki onlar başa düşməlidir ki, Mourinyo işinə bütün 100 faiz gücünü sərf edir”.

“Barselona” ilə oyuna da toxunan Karanka rəqibin bir gün çox istirahətə malik olduğunu bildirib: “Bu isə prinsipcə, ənənə olub. Hesab edirəm ki, “Real”ın qalib gəlməyə yaxşı şansı var. Biz ötən oyunla, “Nou Kamp”da 0:5 hesabı ilə uduzduğumuz görüşlə müqayisədə indi daha yaxşıyıq. İndi futbolçularımızı ən yaxşı fiziki imkanlarını bilirik. Bizim mövsümün finalını fantastik keçirmək imkanımız var. Bütün futbolçularımız öz güclərinə inanırlar”.