Mirça Rednik üçün 2 yubiley
18.04.2011 - 13:55
Mirça Rednik üçün 2 yubiley
Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilən “Xəzər Lənkəran” – “İnter” görüşü bir sıra maraqlı məqamla yadda qalıb. Apasport.az saytının məlumatına görə, diqqət çəkən məqam cənub təmsilçisinin rumıniyalı baş məşqçisi Mirça Rednik və kosta-rikalı hücumçusu, Uinston Park və onun qol həsrətinə son qoyması ilə bağlıdır.


Parks 14-cü pillədə
Parks cari mövsümdən oynadığı “Xəzər Lənkəran”ın heyətində növbəti qolunu vurub. “İnter”lə oyunda hesabı açan legioner 9-cu qolunu qeyd edib. Bununla, klub tarixinin 14-cü bombardiri olan Parks 4 futbolçudan uzaqlaşıb.

Belə ki, Uinston bu tura kimi İlqar Qurbanov, Xaqani Məmmədov, Romulo Silvano və Xorxe Dias eyni sayda – 8 dəfə fərqlənmişdi. “Xəzər Lənkəran”ın bombardirlər siyahısına isə 44 qol vuran, artıq karyerasını bitirən 35 yaşlı hücumçu Zaur Ramazanov başçılıq edir.

Rednik üçün 2 yubiley
“İnter”lə görüş Rednik üçün iki kiçik yubileylə əlamətdar olub. Rumıniyalı mütəxəssis komandanı 30-cu dəfə meydana çıxarıb. Bundan başqa, qeydə alınan 1:1 hesablı heç-heçə onun “Xəzər Lənkəran”dakı 10-cü bərabərliyi olub.

199 dəqiqəlik həsrətə son
“İnter”lə oyunun 18-ci dəqiqəsində rəqib qapısına qol vuran Parks komandasının qol həsrətinə son qoyub. Belə ki, lənkəranlılar son 2 turda qol vura bilmirdi. “Xəzər Lənkəran” bunadək sonuncu dəfə Premyer Liqanın 24-cü turunun “Neftçi” ilə matçında qol sevinci yaşamışdı. Həmin matçın 89-cu dəqiqəsində Julius Vobay penaltidən fərqlənmişdi. Martın 18-dəki oyundan sonra azarkeşlər növbəti qolu 29 gün və ya 199 dəqiqə gözləməli oldu.

Qeyd edək ki, “Xəzər Lənkəran” son qələbəsini də “Neftçi” üzərində qazanıb. Bu, 6 oyun əvvəl martın 3-dəki görüşdə baş verib – 4:3.

Mənbə: lankaranfc.com