Yerli oyunçu “ovçular”ının “şikarlar”ı və ya Vaqif Cavadov Qəbələyə gedir
20.04.2011 - 23:04
Yerli oyunçu “ovçular”ının “şikarlar”ı və ya Vaqif Cavadov Qəbələyə gedir
Cari mövsümün başa çatmasına 33 gün qalıb. Lakin bəzi yerli futbolçular artıq indidən iş yerlərini dəyişmək məsələsini götür-qoy etməyə başlayıblar. Mövcud durumundan narazı olanlar arasında hazırda formasını geyindiyi kluba müqavilə ilə bağlı olanlar da var, mövsümün sonunda sözləşməsinin müddəti bitənlər də.

Yeni klub axtarmaq üçün hərənin öz səbəbi var. Əsas hərəkətverici amil isə bu qəbildən olan futbolçuların ehtiyat oyunçular skamyasında pas atmalarıdır. Lakin başqa amillərə özgə qapısını döyməyə hazırlaşanlar da az deyil. Hətta karyerasını bitirməyə hazırlaşan iki tanınmış futbolçumuz da var. Bunlar Mahmud Qurbanovla Samir Əliyevdir. Digərləri isə hələ butslarını mismardan asacaq yaşda deyillər.

Mahmud Qurbanov. Premyer Liqanın sonuncu turu "Bakı"nın yarımmüdafiəçisi üçün əlamətdar oldu. Qurbanov "Qarabağ"la qarşılaşmanın 77-ci dəqiqəsində komanda yoldaşını əvəzləməklə, yubiley qeyd etdi. Belə ki, Mahmud ölkə çempionatlarında 400-cü oyununu keçirdi və bu həddə çatan ilk futbolçumuz kimi tarixə düşdü.

Bəli, mayın 10-da 38 yaşı tamam olacaq Qurbanov rekordları sıralamaqda davam edir. "Mahmud hardadısa, çempionluq ordadı" məsəli boş yerə yaranmayıb ki. Futbolumuzun canlı əfsanəsi formasını geyindiyi bütün yerli klublarla qızıl medal qazanmağa nail olub. Belə ki, onun hesabında 10 çempionluq var: "Kəpəz"lə 1994/95, 1997/98, 1998/99, "Şəmkir"lə 1999/2000, 2000/01, "Neftçi" ilə 2003/04, 2004/05, "Xəzər-Lənkəran"la 2006/07, "İnter"lə 2007/08 və "Bakı" ilə 2008/09 mövsümündə.

Lakin ölkəmizin ən titullu futbolçusu daha əvvəlki səviyyədə deyil və hazırda "Bakı"da əsasən ehtiyatda qalır. Üstəlik, "zolaqlılar" artıq növbəti mövsümdə futbolçu Qurbanovun xidmətində maraqlı deyil, amma ona klubda qalıb, fəaliyyətini məşqçi kimi davam etdirmək təklifinin irəli sürüləcəyi realdı. Çoxları artıq Mahmudun butslarını mismardan asmalı olduğunu düşünür. Amma başqa bir variant da var: Qurbanov futbola başladığı Gəncəyə dönüb, şəhərin eyniadlı komandasında bir mövsüm çıxış etməli və ondan sonra yaşıl meydanlarla vidalaşmalıdı. Elə Mahmud da hazırda bu iki seçim arasında qalıb. Onun yekun qərarının necə olacağını cari mövsümün sonunda görəcəyik.

69 dəfə yığma komandamızın formasını geyinən "professor" 2 dəfə də legioner həyatı yaşayıb. O, İranda "Fulad"ın (2002/03) və Ukraynada "Tavriya"nın (2003) şərəfini qoruyub.

Samir Əliyev. Hazırda "Simurq"un formasını geyinən Əliyev də gəlmiş-keçmiş ən istedadlı futbolçularımız sırasındadı. O, karyerası ərzində MOİK (1997), "Bakılı" (1998), "Neftçi" (1999/02 və 2007/10), "Volın" (Ukrayna, 2002/04), "Uralan" (Ukrayna, 2004), "Xəzər-Lənkəran" (2004/06), "İnter" (2006/07) və "Simurq"un (2010/11) formasını geyinib və əksər hallarda yüksək səviyyədə çıxış edib. Di gəl ki, Mahmud Qurbanovdan fərqli, ona ölkə çempionatının qızıl medalları qazanmaq nəsib olmayıb.

Karyerası ərzində tez-tez iş yerini dəyişməklə diqqət mərkəzinə düşən Samir son illər zədələrdən əziyyət çəkib. Təsadüfi deyil ki, o, son 2-3 mövsümdə olduqca az sayda oyun keçirib və ümidləri doğrultmayıb. Əliyevin formasını geyindiyi "Simurq" mövsümün sonunda birinci diviziona düşəcək. Amma gözlənildiyi kimi, Samirin aşağı dəstədə top qovmaq niyyəti yoxdu. Təsadüfi deyil ki, bugünlərdə açıqlama verən Əliyev zədələrdən təngə gəldiyini və karyerasını bitirmək istədiyini açıqlayıb.

Elvin Məmmədov. Millimizin üzvü istər ötən, istərsə də cari çempionatda ondan gözlənilən futbolu sərgiləyə bilmir. Düzdü, Elvinin "Qarabağ"dakı karyerası yaxşı başlamışdı. Lakin sonradan formasında eniş hiss olunmağa başladı və Georgi Adamiyanın gəlişindən sonra demək olar ki, əsas heyətdəki yerini itirdi. Konkret desək, gürcü futbolçu pleymeyker mövqeyini ələ keçirdi və Elvini kölgədə qoydu.

Məmmədovun "Qarabağ"da ehtiyatda qalması onun yığma karyerasına da açıq-aşkar təsir etdi. Artıq Berti Foqts ona əvvəlki kimi güvənmir.
"Qarabağ"da ikinci mövsümünü keçirən Elvinin çempionat bitdikdən sonra Ağdam klubu ilə imzaladığı sözləşmənin müddəti başa çatır. Lakin bugünlərdə ölkə mətbuatına açıqlama verən Qurban Qurbanov bildirdi ki, həm Elvini, həm də müqaviləsinin müddəti başa çatan Vüqar Nadirovu əldən vermək istəmirlər. Baş məşqçinin sözlərinə görə, "Qarabağ" onlara yeni müqavilə təklif etməyə hazırlaşır.

Ağdam təmsilçisinin Məmmədovu saxlamaqda maraqlı olması öz yerində, amma fakt budu ki, futbolçu özü durumundan narazıdı və iş yerini dəyişmək istəyir. Üstəlik, "Neftçi" və "Bakı" kimi iddialı komandalar, həmçinin güclənməyi planlaşdıran "Qəbələ" onun transferində maraqlıdı. Lakin Məmmədovun hansı istiqamətə üz tutacağı bircə özünə məlumdu.

Vüqar Nadirov. Elvinlə Vüqarın durumu oxşardı. Düzdü, Məmmədovdan fərqli, o, "Qarabağ"da daha çox oynamaq imkanı qazanır. Lakin fakt budu ki, Nadirov ön xətt oyunçusu olmasına rəğmən, ayağı bağlanıb. Üstəlik, əvvəlki kimi məhsuldar ötürmələr də verə bilmir. Ona görə də "Qarabağ" Vüqarı əldən vermək istəməsə də, onunla əvvəlkindən aşağı məvacibli yeni sözləşmə imzalamamaq istəyəcək. Futbolçunun buna razı olub-olmayacağı isə sual doğurur. Çünki növbəti mövsüm mükafatlar uğrunda mübarizə aparmaq üçün yerli futbolçu "ov"una çıxan "Qəbələ" ona daha yaxşı şərtlər təklif edə bilər.

Fərhad Vəliyev. Boyan Pavloviçin gəlişindən sonra əsas heyətdəki yerini itirən Vəliyev də durumundan narazıdı. Elə ona görə də təcrübəli qapıçı "Qarabağ"ı tərk etmək məsələsini götür-qoy edir. Üstəlik, yığmamızın baş məşqçisi Berti Foqts da ona iş yerini dəyişməyi məsləhət görüb. Fərhad müsahibəsində "Qarabağ"dan başqa digər yerli klubun formasını geyinməyəcəyini açıqladı. Amma onun ölkə xaricinə yollanmaq variantı var. Futbolçu konkret olaraq, Türkiyə çempionatının birinci divizionunda mübarizə aparan kollektivlərdən təklif aldığını deyir.

Vaqif Cavadov. Yığmamızın forvardının əvvəlki formasından əsər-əlamət yoxdu. Cavadovu mövsümün əvvəlində "Tvente"dən icarəyə götürən "Bakı" indi bu addımına görə çox peşmandır. Çünki Vaqif olduqca zəif çıxış edir və demək olar ki, komandaya fayda vermir. Məhz bu səbəbdən də "zolaqlılar" növbəti mövsüm üçün ona pul ödəmək istəmirlər.

Müqavilə ilə "Tvente"yə məxsus olan hücumçunun bundan sonra bu klubun əsas heyətinə dönəcəyi qətiyyən inandırıcı deyil. Hazırkı durumda Vaqifin karyerasını başqa xarici klubda davam etdirəcəyi də ağılabatan deyil. Elə ona görə də Cavadov növbəti mövsümdə də ölkəmizdə top qovacaq. Onun formasını geyinəcəyi komanda isə "Qəbələ" olacaq. Aldığımız məlumata görə, əyalət təmsilçisi Cavadovun icarə məsələsini həll etmək üçün yaxın günlərdə "Tvente" ilə danışıqlara başlayacaq.

Elvin Əliyev. Hazırda AZAL-ın formasını geyinən Əliyev müqavilə ilə "Bakı"ya məxsusdu. Ona görə də Elvinin növbəti mövsümdə hansı komandanın uğurları üçün top qovacağı bəlli deyil.

"Bakı" Elvini hələ qış fasiləsində geri qaytarmaq istəyirdi. Yerli oyunçu sarıdan qıtlıq çəkən "zolaqlılar" onun xidmətində maraqlıdı. Lakin Əliyevin AZAL-da işləri yolunda gedir. Belə bir durumda komandasını dəyişmək istəyəcəyi inandırıcı deyil. Amma istənilən halda, "Bakı" onu geri çağıra bilər.

Vurğun Hüseynov. Hələ mövsümün əvvəlində Hüseynovun "Xəzər-Lənkəran"la münasibətləri rəsmiləşdirdiyi yönündə xəbərlər yayıldı. Lakin sonradan məlum oldu ki, futbolçu özbaşına hərəkət edib. Elə ona görə də Vurğun cari mövsümü "Turan"ın heyətində keçirmək məcburiyyətində qaldı.

Yığmamızın üzvü Tovuzu tərk etmək istədiyini zaman-zaman ifadə edir və daha iddialı klubda çıxış etmək istəyir. Ona görə də "Turan"ın yayda kapitanını itirəcəyi realdı.

Fərid Quliyev. Gənc hücumçu sonuncu çempionatda vurduğu 16 qolla bombardir oldu və bir anda parladı. Bu, sıçrayış onu yığmaya dəvət almağa və "Neftçi" kimi iddialı komandaya transfer olunmaq imkanı yaratdı. Di gəl ki, Fərid “ağ-qara” forma ilə ondan gözlənilən futbolu sərgiləyə bilmədi və ona görə də qışda "Simurq"a icarəyə verildi. Lakin Zaqatala təmsilçisi artıq birinci diviziona yuvarlanmaq üzrə olduğundan Quliyevin orada qalmayacağı dəqiqdi.

Yeri gəlmişkən, gənc hücumçunun "Qarabağ"a transfer olunacağı yönündə bilgilər var. Əldə etdiyimiz məlumata görə, "Qarabağ" Elvin Məmmədovla Vüqar Nadirovun mümkün gedişindən sonra yaranacaq boşluğu minimum onunla doldurmaq istəyir.

Ruslan Əmircanov. "Neftçi"nin baş məşqçisi Arif Əsədov bu futbolçunu hələ qış fasiləsində heyətdən kənarlaşdırmışdı. Lakin Əmircanov Antalya toplanışı ərəfəsində ondan özünü göstərmək üçün daha bir şans istədi və nəticədə Əsədov fikrindən daşındı. Lakin artıq "Neftçi"ni qarşıda avrokubokda çıxış gözləyir və komandanın güclənmək yönündə tədbirlər görəcəyi dəqiqdi. Belədə Əmircanov üçün "Neftçi"nin heyətində yer tapılacağı inandırıcı görünmür. Amma bir məsələdə var ki, Ruslan yığmaya dəvət alan futboçludu və özünə daim əsas heyətdə yer ala biləcəyi bir komanda tapsa, Berti Foqts da bunu qiymətəndirəcək.

ŞAMO