Samir Abasovun etirafı
05.05.2011 - 23:05
 Samir Abasovun etirafı
“Oynamamağımda başqa səbəblər axtarmaq lazım deyil. Zədəm var idi. İndi yavaş-yavaş formaya düşməyə çalışıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Samir Abasov deyib.

“Qarabağ”ın əsas heyət üzvlərindən olan Abasovun son vaxtlar meydana az-az çıxması müxtəlif söz-söhbətlərin ortaya çıxmasına səbəb olub. Futbolçunun tezliklə karyerasını bitirəcəyi də iddia edilirdi: “Hazır olmadığıma görə əsas heyətdə şans vermirlər. Ancaq tədricən formamı bərpa etməyə çalışıram. Hələ 90 dəqiqə oynamaq üçün şans veriləcəyinə inanmıram”.

Əsas heyətdəki yerini yenidən geri qaytarmağa çalışacağını deyən təcrübəli futbolçu yayda hazırkı komandasından ayrılmaq haqda düşünmür: “Çempionat bitdikdən sonra rəhbərlik uşaqlarla yenidən söhbət edəcək. Mən qalmaq istəyirəm. Bu komandaya keçəndə 2 illik müqavilə imzalamışdım. Necə olacağına rəhbərlik qərara verəcək. Yəqin müqaviləsi bitəcək futbolçularla söhbət edəcəklər”.

Abasov həftəsonu keçirəcəkləri “Xəzər Lənkəran”la oyuna da toxunub: “Çempionluq əldən çıxdığına görə, ikinci yer uğrunda mübarizəni davam etdiririk. Əsas məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. “Xəzər Lənkəran”a hörmətimiz var. Onlarla oyuna həqiqətən də ciddi hazırlaşmışıq. Rəqibimizin “Bakı” ilə kubok matçını izlədik. Ağır oyun keçiriblər. Lakin 2-3 gün ərzində bərpa prosesi keçə biləcəklər”.
0