Mahmud Qurbanovdan peşəkar yanaşma
06.05.2011 - 19:00
 Mahmud Qurbanovdan peşəkar yanaşma
“Bakı” üçün mövsümü bitmiş hesab etmək olar. Amma 3 görüşümüz qalıb, çıxıb oynamalıyıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

Uğursuz mövsüm keçirən paytaxt təmsilçisi avrokuboklara vəsiqə qazanmaq üçün ümidini ölkə kubokunu qazanmağa bağlamışdı. Ancaq yarımfinalda “Xəzər Lənkəran” səddini aşa bilməyən “zolaqlılar” cari çempionatı 6-cı pillədə başa vuracaq.

Təbii ki, belə olan təqdirdə futbolçuları oyuna kökləmək olduqca çətindir. Elə təcrübəli futbolçu da belə düşünür: “Qarşıdakı oyunların nəticəsi turnir cədvəlindəki mövqeyimizə təsir göstərməyəcək. Baş məşqçi kimi bilsə, onu da meydana buraxacaq. Kubokun yarımfinal mərhələsinin cavab oyununda 2:1 hesabı ilə qələbə qazansaq da, finala çıxa bilmədik. Bütün ümidimizi kuboka bağlamışdıq, o da əldən çıxdı”.

Ancaq Qurbanov istənilən halda, işə peşəkar kimi yanaşmalı olduqlarını vurğulayıb: “Hamı işinə ciddi yanaşmalıdır. Başa düşürəm, artıq heç bir iddia qalmayıb. Ona görə də oyunlara konsantrasiya itib. Lakin peşəkar kimi bunu etməliyik. Yəni, komandanın qələbə qazanmasına çalışmalıyıq”.

Təbii ki, son vaxtlarda müzakirə olunan məsələlərdən biri də mayın 10-da 38 yaşını qeyd edəcək futbolçunun karyerasını nə zaman başa vurmasıdır. Bunu dəqiqləşdirməyə çalışsaq da, Qurbanov konkret bir söz demədi: “Hələ konkret heç nə bilinmir. Mövsüm bitdikdən sonra fikirləşmək üçün vaxtımız olacaq. Bir qərara gələcəyik”.