“Xəzər Lənkəran” klubunun AFFA prezidentinə açıq məktubu
06.05.2011 - 18:11
“Xəzər Lənkəran” klubunun AFFA prezidentinə açıq məktubu
"Xəzər Lənkəran" klubu AFFA prezidenti Rövnəq Abdullayevə açıq məktubla müraciət edib. Apasport.az saytının məlumatına görə, məktubda əsasən hakimliklə bağlı iradlar assosiasiya rəhbərinin diqqətinə çatdırılıb: “Başçılığınız altında ölkə futbolunda gedən müsbət dəyişikliklərə kölgə salındığını bir daha diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Bir tərəfdən bu idman növündə genişmiqyaslı tədbirlər görüldüyü halda, digər tərəfdən müxtəlif şəxslərin işə qeyri-peşəkar şəkildə yanaşması çoxdandır ki, adət halını alıb. Bütün bunların nəticəsində istər federasiya səviyyəsində sizin gördüyünüz işin, istər klub səviyyəsində bizim gördüyümüz işin lazımi nəticə verməsi mümkünsüz olur”.

Müraciətdə bu mövsüm “Xəzər Lənkəran”ın müxtəlif oyunlarda hakimlərin qeyri-obyektiv idarəçiliyi ilə üzləşdiyi və bununla əlaqədar faktlarla təsdiqlənmiş etirazını ictimaiyyətin diqqətinə dəfələrlə çatdırılması bildirilib: “Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan “Bakı” – “Xəzər Lənkəran” qarşılaşması da neqativ hallarla yadda qaldı. Bu qarşılaşmanın baş hakimi Rövşən Əhmədovun bütün oyun ərzində komandamıza qarşı verdiyi ədalətsiz qərarlar Hakimlər Komitəsinin işinin aşağı səviyyədə təşkil olunduğunu növbəti dəfə sübut etdi. Qeyd olunan görüşdə baş hakimin etdiyi səhvləri nümayiş etdirən video çarxlar da klubumuzun rəsmi saytında yaxın vaxtda yerləşdiriləcək. Hakimlik futbolun ən vacib tərkib hissələrindən biridir və hazırda ümumi inkişafın fonunda ölkədə futbol hakimlərinin işində bu qədər qüsurun olması artıq ciddi addımların atılmasının zəruriliyini göstərir. Oyunun nəticəsinə böyük ölçüdə təsir edə bilən şəxslərin özbaşınalığının qarşısı alınmamağı Azərbaycan futbolunun geri addımlaması ilə nəticələnir”.

“Xəzər Lənkəran” klubu Abdullayevdən Hakimlər Komitəsindən işindəki nöqsanları araşdırmaq xahiş olunur: “Klubumuz yarandığı tarixdən ölkədə futbola olan marağın artmasına və bu sahədə yaranan canlanmaya özünün böyük töhfəsini verib. Əlbəttə, bu günə kimi əldə etdiyimiz və gələcəkdə əldə etməkdə israrlı olduğumuz nailiyyətlər müvafiq sərmayənin qoyulması nəticəsində gerçəkləşib. Və bunun müqabilində ayrı-ayrı şəxslərin qeyri-peşəkarlığı nəticəsində getdiyimiz yolda yaranan maneələr bizi narahat etməyə bilməz. Bu cür hallar təkcə bizim kluba yox, bütün ölkə futboluna böyük ziyan verir. Nəzərə alaq ki, klubumuzda və ümumilikdə ölkədə müxtəlif ölkələrdən olan əcnəbi futbolçu və məşqçilər var. Xarici ölkə təmsilçilərinin gözündə Azərbaycan futbolunun imicinin düşməsi də, yuxarıda qeyd etdiyimiz qeyri-peşəkarlığın daha bir nəticəsidir. Bütün bunları nəzərə alıb, Hakimlər Komitəsinin işindəki nöqsanları araşdırıb, bu orqanın tərkibində qüsurlara yol verən şəxslərin cəzalandırılacağına ümid bəsləyirik".