“Vurğun Hüseynovun 1 ilinə 100 min dollar verdik”
07.05.2011 - 11:37
“Vurğun Hüseynovun 1 ilinə 100 min dollar verdik”
“Kapitanımız Vurğun Hüseynovun “Qəbələ”yə transfer məbləğini açıqlaya bilmərəm. Çünki onu hələ almamışıq. Pulu alandan sonra deyəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Milli komandamızın da üzvü olan Vurğun Hüseynovun “Qəbələ”yə keçidi xeyli müddətdir gündəmdə olsa da, nəhayət, indi reallaşdı. “Turan”ın 22 yaşlı kapitanı yeni klubu ilə 3 illik müqavilə imzaladı.

Hüseynovun transfer məbləği maraq doğursa da, Süleymanov hələ bunu açıqlamağı lazım bilmədi: “Əslində, Vurğun bahalı futbolçu olsa da, ona görə böyük məbləğ almayacağıq. Çünki tovuzlu futbolçuların bütün komandalarda oynamasını istəyirik. Vurğun “Qəbələ”yə getmək istəyirdi. Biz də buna imkan yaratdıq. Hüseynovun 1 ilinə 100 min dollar verdik. Əslində, Vurğun bundan da artığına layiqdir. Çünki yaxşı futbolçudur. Allah eləsin, “Qəbələ”dən sonra daha yaxşı klublara getsin. Vurğun bizim üçün dəyərli futbolçu, insandır”.

Prezidentin sözlərinə görə, cəlbedici təklif alan futbolçularının gedişinə imkan yaradacaqlar: “Digər yetirmələrimizin də transferi mümkündür. Ola bilər ki, başqa futbolçularımızı da istəyərlər, biz də satarıq. Hər şey ola bilər. Yetirmələrimiz daha güclü komandalarda inkişaf edə bilərlər. Kim getmək istəyirsə, heç kimi saxlamayacağıq”.

Mehman SÜLEYMANOV
0