Şensoy çıxardı, İbrahimov qaytardı - FOTO
07.05.2011 - 12:41
Şensoy çıxardı, İbrahimov qaytardı - FOTO
“Turan” klubunun yeni baş məşqçisi Asim İbrahimovun köməkçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Eltay Aslanov yetirməsi olduğu Tovuz komandasında yenidən məşqçi işləyəcək.

Karyerasının çox hissəsini “Turan”da keçirən 39 yaşlı keçmiş yarımmüdafiəçi birgə oynadığı Nizami Sadıqov və Sakit Alıyev baş məşqçi olduğu zamanı ona yardım edib. Ancaq qış fasiləsində baş məşqçi postuna qaytarılan Naci Şensoy vaxtilə “Turan”da rəhbərliyi altında oynadığı Eltayla birgə çalışmadı. Türkiyəli mütəxəssis Alıyevi özünə köməkçi götürdü.

Aslanov isə bu müddətdə “Turan”dan getməyərək, aşağı yaş qruplarında çalışdı. Klubun uşaq-futbol məktəbinə rəhbərlik edən İbrahimov oradan yaxşı tanıdığı keçmiş futbolçu ilə əsas komandada birgə çalışmağı üstün tutdu. Onlar qalan 3 turda “Turan”ı oyunlara çıxaraq.

Qeyd edək ki, İbrahimov MOİK klubu OİK adlanan zamanı güclülər dəstəsində onun baş məşqçisi olub. O, sonradan I dəstədə “Göyçə”, NBC klubunu, habelə “İnter”in əvəzedici komandasını çalışdırıb. İbrahimov cari mövsümün gedişində Tovuza dəvət olundu.

Mehman SÜLEYMANOV