Eleandro Pema: Mən meydana çıxanda, AZAL uduzmur
08.05.2011 - 09:02
Eleandro Pema:  Mən meydana çıxanda, AZAL uduzmur
“Oynadığım görüşlərin heç birində AZAL məğlub olmayıb. Elə qarşılaşmalar olub ki, komandamı çətin vəziyyətdən çıxarmışam. Fikrimcə, komandam üçün faydalı futbolçuyam”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın yarımmüdafiəçisi Eleandro Pema deyib.

“Bakı” ilə Şüvəlanda keçirilən matçda zədələndikdən sonra cərrahiyyə əməliyyatı olunan albaniyalı futbolçu zədəsini sağaltmaq üzrədir. Premyer Liqanın XXX turunda “Bakı”ya məğlub olan AZAl-ın oyununu tribunadan izləyən Pema zədəsinin sağalmasına heç də ürəkdən sevinə bilmədiyini qeyd edib: “Zədəm sağalmaq üzrədir. Artıq məşqlərə başlaya bilərəm. Amma heç də ürəkdən sevinə bilmirəm. Çünki komandam məğlub olub, kubokda da mübarizəni dayandırıb”.

Mövsümün sonunda müqaviləsi bitəcək 26 yaşlı yarımmüdafiəçi ölkəmizdə qalmaq istəyir: “Hələ klub rəhbərliyi ilə danışığımız olmayıb. AZAL-dakı şəraitdən razıyam. Təklif olsa, qalmaq istəyirəm”.

Albaniyalı futbolçu meneceri vasitəsilə bir neçə əcnəbi klubdan dəvət aldığını da etiraf edib: “İnter”lə oyundan sonra menecerlərdən biri yaxınlaşıb Ukrayna və Bolqarıstan klublarının mənimlə maraqlandığını dedi. Ancaq ona bir söz demədim. Çünki burda qalmaq istəyirəm. Azərbaycandakı şərait məni qane edir”.
0