Aleksandr Soliç: Vurduğum qol baxımlı alındı
08.05.2011 - 09:50
Aleksandr Soliç: Vurduğum qol baxımlı alındı
“Çox çətin oyun idi. Hava da isti idi. Bu da meydanda rahat oynamağa imkan vermirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Aleksandr Soliç deyib.

Premyer Liqanın XXX turunda AZAL-la qarşılaşan “Bakı” final mərhələsində ilk qələbəsini qazanıb. Oyunda hesabı elə xorvatiyalı yarımmüdafiəçi açıb. Onun cərimə zərbəsindən vurduğu top qarşısıalınmaz olub.

Düzdür, AZAL sonradan hesabı bərabərləşdirsə də, Vyaçeslav Sofroninin “doqquzluğ”a ünvanladığı zərbə dəqiq olub. Futbolçu turnir cədvəli baxımından heç bir faydası olmayan bu qələbənin komandaya müsbət təsir göstərəcəyini vurğulayıb: “Kubokda mübarizəni dayandırdıqdan sonra psixoloji cəhətdən toparlanmaq üçün bu qələbə lazım idi. Buna nail olduq. Ümumiyyətlə, turnir cədvəlindəki mövqeyimizdən asılı olmayaraq, biz hər oyunda qələbə qazanmaq istəyirik”.

Vurduğu qol haqda da danışan 28 yaşlı futbolçu bunları deyib: “Oyunun gedişində elə alındı ki, hesabı açmaq mənə qismət oldu. Çox şükürlər olsun ki, qələbə qazana bildik. Fikrimcə, vurduğum qol baxımlı qol alındı”.
0