“Emil Mpenza klubun tarixində ən böyük pul məsrəflərindən biridir”
11.05.2011 - 10:52
“Emil Mpenza klubun tarixində ən böyük pul məsrəflərindən biridir”
İngiltərənin “Plimut Arqayl” klubu ölkə çempionatının 3-cü dəstəsini də tərk edib. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya mətbuatı 1886-cı ildə yaranmış ən köklü komandalarından birinin bu durumuna biganə qalmayıb.

Vaxtilə Piter Şilton kimi əfsanənin də çalışdırdığı komandanın bu günə düşməsini araşdıran həmkarlarımız klub rəhbərliyinin transfer siyasətinin yarıtmaz olduğu qənaətindədir.

Onların fikrincə, son illərdə yersiz transferlərə pul xərcləmək klubun yalnız ziyanına olub. İngilislər hazırda Bakının “Neftçi” klubunda çıxış edən Emil Mpenzanın da transferinə toxunub: “Emil Mpenzaya gəlincə, o, yalnız “Kardiff”lə oyunda özünü göstərə bildi. Belçikalı hücumçu nadir hallarda yaxşı, oynamağa imkan verəcək formada olurdu. O, klub tarixinin ən böyük pul məsrəflərindən biri kimi dəyərləndirilməlidir”.

Qeyd edək ki, Mpenza 2008/09 mövsümündə formasını geydiyi “Plimut Arqayl”da 9 matça 3 qol vurub.