Ən yaxşı ev komandası, yoxsa ən yaxşı qonaq?
11.05.2011 - 23:02
Ən yaxşı ev komandası, yoxsa  ən yaxşı qonaq?
Azərbaycan Premyer Liqasının XXXI turu mövsümün ən yaxşı ev və səfər komandalarını qarşı-qarşıya qoyacaq. Apasport.az saytının məlumatına görə, Quzanlı qəsəbə stadionunda üz-üzə gələcək “Qarabağ” və “Neftçi” müvafiq olaraq öz meydanında və rəqib arenalarının “ağasıdır”.

Evdə son matçına çıxacaq “Qarabağ” keçirdiyi 15 görüşdə 10 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə məğlub olub. Hər iki matçı 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionundakı ev görüşlərində “Xəzər Lənkəran” və “Neftçi”yə “boyun əyiblər”.

Bu görüşlərdəki top fərqi isə 26:7-dir. “Qarabağ” qalib gələcəyi halda, digər matçların nəticəsindən asılı olmayaraq çempionatın ən yaxşı ev komandası olacaq.

Həm çempionluğu, həm də ən yaxşı səfər komandası adını çoxdan təmin edən “Neftçi” isə səfərdə “Qarabağ”ın evdə qazandığından da çox qazanıb. Rəqib meydanlarında 10 qələbə və 4 heç-heçəsi olan bakılılar yalnız Lənkəran səfərindən xalsız dönüblər – 0:1. Paytaxt təmsilçisi rəqib meydanlarında 29 top vuraraq cəmi 6-nı buraxıb.
0