Mehman Allahverdiyev: Oyundan oyuna zədəli futbolçularımızın sayı artır
11.05.2011 - 23:07
Mehman Allahverdiyev: Oyundan oyuna zədəli futbolçularımızın sayı artır
“Kimlər komandadan ayrılacaq, eləcə də, kimlərlə danışıq apardığımızı indidən deyə bilmərəm. Hələ qarşıda iki tur var. Bilirəm, əksər futbolçularımızla müqavilə başa çatır. Çempionat yekunlaşdıqdan sonra onlarla danışıqlar aparacağıq. Ancaq indidən nəsə demək istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.

Artıq əksər klublar transfer çalışmalarına start verdiyi məqamda “Gəncə” gözləmə mövqeyindədir. Çünki çempionat başa çatdıqdan sonra sponsorlarla klubun büdcəsi barədə müzakirələr aparılacaq. Məhz bundan sonra heyətə kimlərin cəlb ediləcəyi istiqamətində işlər görüləcək.
Bu gün isə əyalət təmsilçisi “Qəbələ” ilə qarşılaşacaq. Turnir cədvəli baxımından bu duelin heç bir əhəmiyyəti qalmasa da, Allahverdiyev yetirmələrindən qələbə qazanmağı tələb edib: “Azarkeşlərimiz qarşısında qələbə qazanmaq istəyirik. Həm də cari mövsümdə keçirilən 3 oyunda qalib müəyyənləşməyib. Çıxıb oynayacağıq, oynamalıyıq. Meydana çıxan futbolçu da oyunun əhəmiyyətindən asılı olmayaraq, qələbə haqda düşünməlidir”.

“Qəbələ” ilə oyunöncəsi “Gəncə” ciddi itkilərlə üzləşib. Belə ki, Allahverdiyev sərəncamında olan futbolçulardan 8-nin cəzalı və zədəli olduğunu bildirib: “Edis Kurtanoviç, Xəyal Zeynalov, Vasif Haqverdiyev, Samir Zərgərov, Ceyhun Sultanov zədəli, Ramal Hüseynov isə cəzalıdır. Oyundan oyuna zədəli futbolçularımızın sayı artır. Heyəti qurmaq üçün əvəzedici komandadan futbolçular dəvət edəcəyik”.
0