“Beşiktaş” 9-cu dəfə ölkə kubokunu qazandı
12.05.2011 - 08:45
“Beşiktaş” 9-cu dəfə ölkə kubokunu qazandı
Türkiyə kubokunun yeni sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu il gurultulu transferə imza atsa da, çempionatda uğursuzluğa düçar olan “Beşiktaş” klubu ölkə kubokunu qazanmaqla, mövsümü titulla başa vura bildi. Tayfur Hafutçunun çalışdırdığı komanda final matçında “İstanbul Böyükşəhər Bələdiyyəspor”a penaltilər seriyasında qalib gəlib.

Türkiyə prezidenti Abdulla Gülün də izlədiyi görüş milli komandamızın 2 il öncə açılışını etdiyi Kayseri şəhərindəki “Kadir Has” stadionunda keçirilib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə nəticələnib ki, “Beşiktaş”dan qolları legionerlər – portuqaliyalı Rikardo Kuaresma (33-cü dəqiqə) ilə çexiyalı Tomas Sivok (82), “İstanbul Böyükşəhər Bələdiyyəspor”dan İbrahim Akınla (53) Gökhan Ünal (58) vurub. Əlavə vaxtda da hesab dəyişmədiyindən, oyun sonrası penaltilər seriyası təyin edilib. Özü də bu, Türkiyədə ən az penaltilər verən baş hakim Yunus İldırıma nəsib oldu. Qışda “Atletiko”dan transfer edilən portuqaliyalı Simao Sambrozanın qələbə topu sayəsində 4:3 hesabı ilə qalib gələn “Qara Qartallar” son 5 ildə 3-cü dəfə kuboka sahib çıxdı. Komanda 16 dəfə finalına çıxdığı Türkiyə kubokunun 9-cu dəfə qalibi oldu.

Qeyd edək ki, “Beşiktaş” Avroliqaya mübarizəyə IV təsnifat mərhələsindən başlayacaq.