Nazim Süleymanovun komandası Avroliqada!
12.05.2011 - 10:08
Nazim Süleymanovun komandası Avroliqada!
Azərbaycanın Avroliqada daha bir potensial rəqibi müəyyənləşdi. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Alaniya” klubu hazırda I divizionda oynasa da, avrokuboklarda oynamaq hüququ qazandı. Bu, komandanın ölkə kubokunda finala çıxması və ən əsası, rəqibinin Moskva MOİK-nin olmasıdır. Aydın məsələdir ki, “Alaniya” kuboku qazansa, hansı divizionda oynamasından asılı olmayaraq, Avroliqaya vəsiqə qazanır. Ancaq MOİK kubokun qalibi olsa belə, Vladiqafqaz təmsilçisinin Avroliqaya çıxması rəqibinin Çempionlar Liqasında çıxışını təmin etməsi ilə bağlıdır. Qaydaya görə, bu halda, kubokun finalçısı qitə miqyaslı turnirə vəsiqə qazanır.

Ötən il Premyer Liqaya qayıtsa, elə həmin mövsüm I diviziona dönən “Alaniya” elə indi də bizlərə bağlılığı olan komandadır. Axı aşağı dəstəyə düşəndən sonra klubda böyük dəyişiklik edildi və “Neftçi”nin sabiq futbolçusu, həmyerlimiz Vladimir Mixaylesvki vitse-prezident postuna gətirildi. Bu isə Avroliqada potensial rəqiblərimizin birinin rəhbərliyində həmvətənimiz olması deməkdir. Milli komandamızın sabiq kapitanı, hazırda AZAL-ın baş məşqçisi olan Nazim Süleymanov “Alaniya”nın tarixində ən yaxşı futbolçulardan, legionerlərdən olub. Komandanın yeganə çempionluğunda (1995-ci il) Süleymanovun da imzası var və yeganə Rusiya çempionumuz olması ilə öyünə bilər. Veteran hücumçumuz “Alaniya”nın avrokuboklarda ilk oyununda – 1993-cü ildə UEFA kubokunda Dortmundun “Borussiya” klubu ilə görüşdə iştirak edib. Süleymanova bu komandanın heyətində “Liverpul”la İngiltərədəki matçda da oynamaq qismət olub.

“Alaniya” sonuncu dəfə 2000-ci ildə avrokubokda çıxış etdiyini nəzərə alsaq, 11 ildən sonra belə məsul yarışın iştirakçısı olmaq hüququ qazanır. Qitə miqyasında 14 oyun keçirən Vladiqafqaz təmsilçisi 3 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib, 8 dəfə uduzub. “Bakı” klubunun heyətində 2009-cu ildə Azərbaycan çempionu olan gürcü hücumçu Georgi Demetradze “Alaniya”nın heyətində (1999-cu ildə 21 qolla) Rusiya çempionatının bombardiri olub. Mirça Rednik “Xəzər Lənkəran”ın baş məşqçisi postunu gələnə qədər son iş yerinin məhz “Alaniya” olub. Ancaq rumıniyalı mütəxəssis komanda I divizionda oynayan zamanı cəmi 3 ay çalışdırıb və mövsümün sonunda istefaya göndərilib.

Mehman SÜLEYMANOV