AZAL-ın sərxoş futbolçusu danışdı
13.05.2011 - 23:01
AZAL-ın sərxoş futbolçusu danışdı
Bakının AZAL klubunun sabiq belaruslu futbolçusu Gennadi Bliznyukun apasport.az saytına müsahibəsi

- Mövsüm başa çatmamış AZAL-dan ayrılıb, vətəninizə qayıtdınız. Hazırda nə işlə məşğul olursunuz?
- Ailəmin yanındayam. Boş vaxtlarımda fərdi məşq edib, qaçıram, trenajor zalında çalışıram.

- Yəni yeni mövsümə hazırlaşırsınız?
- Belə demək olar. Ancaq baxır hansı çempionatı nəzərdə tutursunuz. Bəzi çempionatlar yenicə başlayıb.

- Misal üçün, Belarus çempionatını...
- Elədir. Ona görə də mövsümün gedişində hansısa kluba keçə bilərəm.

- Azərbaycanda işləriniz yaxşı gedirdi, ardıcıl vacib qollar vurdunuz. Şüvəlan qəsəbəsindəki stadionda ilk qolu vuran futbolçu kimi tarixə düşdünüz. Ancaq mövsümün bitməsinə 1 ay qalmış getdiniz. Halbuki, bunu gözləyib, vətənə dönmək olardı. Niyə erkən ayrıldınız?
- Prinsipcə, haqlısınız. Ancaq mən AZAL-dan ailə məsələlərinə görə getdim. Gedişim klub rəhbərliyi ilə birgə qərarımız idi. Hər ikimiz müqaviləni vaxtından əvvəl pozmağa etiraz etmədik. Çünki vəziyyəti rəhbərliyə izah etdim ki, indi mən daha çox ailəmə lazımam, nəinki kluba. Buna görə də belə qərar qəbul etdim. Klub rəhbərliyi ilə söhbətləşdim və onlar da mənə güzəşt etdilər. Sonda belə alındı. Hazırda istədiyim reallaşıb. Həyat yoldaşım və uşağımın yanındayam.

- Elə isə niyə Azərbaycana gəlirdiniz? Yaxud, ailənizi də Bakıya gətirmək olmazdı?
- Bu, mümkün deyildi. Hər şey öz-özünə əmələ gəldi. Ailəmi Bakıya apara bilməzdim. Çünki uşağım burda məktəbə gedirdi və onu yeni təhsil ocağına aparmaq istəməzdim. Bu, ilk növbədə öyrəşmə, yeni kollektivə uyğunlaşma ilə bağlı problem yaradırdı.

- Gedişiniz çoxlu söz-söhbətlər yaratdı. Bu, hələ “Xəzər Lənkəran”la çempionat oyunu öncəsi yarandı. Sizin komandadan qaçdığınız deyilirdi...
- Bunların çoxlu şayiə idi. Deyilən hər söz təsdiqlənmir. Belə məlumat yayıldı ki, guya klubla müqaviləni maddi problemlərə görə pozmuşam. Mən bunları təkzib edirəm. Heç kimlə ünsiyyət qurmamışam və belə şeyi deyə bilməzdim. Kluba və rəhbərliyə normal yanaşıram. AZAL-a qarşıdakı oyunlarda yalnız uğurlar arzulayıram. İstərdim ki, komanda qarşıda duran vəzifəni yerinə yetirib, avrokuboklara düşsün. Yəqin ki, yazılanlar daha çox şayiələrə söykənirdi, nəyəsə görə düşünülmüşdü. Axı niyə zəng edərək, bunu birbaşa məndən soruşmayıblar? İndiyə kimi bunu başa düşmürəm.

- Belə çıxır ki, klubun sizə borcu yoxdur?
- Yox. Bizim maddi planda bir-birimiz qarşısında öhdəçiliyimiz qalmayıb. 4 ayda işlədiyim insanlar düzgün idilər. Hələ təlim-məşq toplanışında imza atmamışdan öncə müqavilənin şərtlərini müzakirə etdik və danışdığımız hər şey yerinə yetirildi. Problem yox idi, ola da bilməzdi. Biz dostcasına ayrıldıq, bir-birimizin əlini sıxdıq.

- Əsas məsələdən söz salmadınız. Siz komandadan spirtli içkilərə aludə olduğunuz üçün çıxarılmısınız?
- Bunlar da söz-söhbət idi. Maraqsız olduğu üçün şərh etmək istəməzdim. Görünür, kiminsə yolunu kəsmişəm (gülür). Belə də demək olar. Bir daha bəyan edirəm ki, AZAL-dan ailə məsələlərinə görə getmişəm.

- Sizin spirtli içki probleminiz olmayıb?
- Prinsipcə, yox.

- Belə şeyin olmasını təkzib edirsiniz?
- Bir daha deyirəm ki, bunlar hamısı şayiədir. Niyə bunlar çıxanda birbaşa məndən yox, 3-cü şəxsdən öyrənirdilər? Mən bunu anlamıram.

- Sizinlə əlaqə saxlamaq olmurdu. Telefonunuz cavab vermirdi...
- Hər halda, özüm məsələyə aydınlıq gətirə bilərdim.

- Bir şeyi də nəzərə alaq ki, futbolçu sərxoşluq etsə belə, bunu boynuna almayacaq. Deməz ki, həqiqətən spirtli içkilərlə bağlı problemim var...
- Bu, aydındır. Ancaq insanlar mənimlə əlaqə saxlamırsa, dəqiqləşdirməmiş informasiya yazırlar. Bu, AZAL-da maddi problemlərə görə ayrılmağımla bağlıdır. Yaxşı olardı ki, informasiya öncə məndən alınsın.

- Klub rəsmiləri sizin spirtli içkilərlə aludə olmağınızı təsdiqləyirlər. Bəs buna necə izah verərdiniz?
- Məncə, bunu gedişimin klubun mənə borcunun olmasına görə gedən yazıdan sonra deyiblər. Fikrimcə, bu, həmin məlumata cavab olaraq atılmış addım idi. Mən klubun prezidenti Vaqif Qasımovu təmiz insan kimi tanıyıram. İnanmıram ki, məhz belə desin.

- Ancaq fakt odur ki, deyib...
- Bir neçə gündür Qasımovla danışmağa cəhd edirəm. Ancaq istəyimə çatmamışam. Prezidentlə bu mövzuda danışmaq, hər şeyə aydınlıq gətirmək istəyirəm.

- Bəs baş məşqçi Nazim Süleymanovla aranızda problem olub?
- Yox. Prinsipcə, onunla normal münasibətimiz vardı. Normal ünsiyyət qurub, birgə çalışırdıq. Deməzdim ki, nə vaxtsa söyüşmüşük. Mən söz-söhbətləri başa düşürəm. Yəqin ki, hansısa ajiotaj yaratmaq lazımdır.

- Azərbaycan çempionatı yadınızda necə qaldı?
- Orada olduğum 4 ay məndə xoş xatirə kimi qaldı. Mən deyərdim ki, Azərbaycan çempionatının səviyyəsi yaxşıdır. Xüsusilə, ilk “altılıq”dakı komandalar güclüdür. Onlar layiqli rəqiblərdir. Mən bura 7-ci pillədə gedən “Qəbələ”ni də aid edərdim. O da “altılığ”a layiq idi. İlk “altılıq”da maraqlı oyunlar alınır. Komandalardan hansısa bir-birinə güzəşt getmək istəmirdi. AZAL da möhkəm komandadır, mehriban kollektivi var. Fikrimcə, onlar hələ əsas vəzifəni yerinə yetirmək gücündədirlər. İstərdim ki, avrokuboklara vəsiqə qazansın. Mən futbolçulara, komandaya inanıram.

- Həmyerliniz Dmitri Parxaçov AZAL hələ “Olimpik” adlanan dövrdə oynayıb. Bura gəlməmişdən öncə komanda haqda ondan soruşmuşdunuz?
- Yox, onunla ünsiyyətim olmayıb. Mən belə futbolçu olduğunu bilirəm. Ancaq Parxaçovlə şəxsi tanışlığım yoxdur.

- Bütün bunlardan sonra yenidən Azərbaycanda oynamağı real sayırsınızmı? Ümumiyyətlə, qayıtmaq istərdiniz?
- Bəli. Niyə də olmasın? Əgər maraq olarsa, yaxşı təklif gələrsə, həmişə bunu müzakirə etməyə hazıram.

- Hazırda təklif var?
- Azərbaycandan yox. Ancaq artıq digər variantlara yavaş-yavaş nəzərdən keçməyə başlayıram. Sadəcə, hələlik onları açıqlamaq istəmirəm.

Mehman SÜLEYMANOV