Adamiya: Əhməddən nəyim əskikdir?
13.05.2011 - 17:00
Adamiya: Əhməddən nəyim əskikdir?
Azərbaycan Premyer Liqasının cari mövsümündə 2-ci het-trik qeydə alındı. Apasport.az saytının hesablamalarına görə, bu gün XXXI turda “Neftçi” ilə ev oyununda (3:0) hər 3 qolu vuran “Qarabağ”ın gürcü hücumçusu Georgi Adamiya 265 gündən sonra çempionatımızda het-trikin qeydə alınmasını reallaşdırdı. Legioner buna 46 dəqiqəyə (5, 13 və 49-cu dəqiqələr) imza atdı.

Maraqlıdır ki, ilk het-trikin müəllifi Adamiyanın bu gün Ağdamda rəqibi, vurduğu 3 qolla bombardirlər yarışında onu keçən Bahodir Nasimov olub. “Neftçi”nin özbək hücumçusu bunu III turda, ötən ilin avqustun 21-də Zaqatalanın “Simurq” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda 4:0 hesabı ilə qalib gəldikləri ev oyununda etmişdi. Ancaq Nasimov het-trikə daha gec, 71 dəqiqəyə (1, 44 və 72-ci dəqiqələr) imza atmışdı.

Digər maraqlı məqam odur ki, Adamiya 2005-ci ilin qışından ölkəmizdə fasiləsiz oynasa da, indiyə kimi het-trik etməmişdi. O, bir neçə dubl müəllifi olsa da, 1 oyunda 3 qol vura bilmirdi. Tale elə gətirdi ki, Georgi buna onu ölkəmizə gətirən, Azərbaycan ilk və ən yaxşı illərini, tanındığı komanda ilə görüşdə nail oldu. Adamiya ötən il “Neftçi”yə “altılıq”da Quzanlıda 2:0 hesabı ilə qalib gəldiyi görüşdə də qolların müəllifi olmuşdu. Bununla 30 yaşlı hücumçu indiki klubunda qol hesabını açmışdı.

Qeyd edək ki, daxili yarışlarda indiyə kimi “Neftçi” ilə yalnız bir futbolçu het-trik etmişdi. Bu, Adamiyanın “Bakı”da komanda yoldaşı olmuş nigeriyalı hücumçu Əhməd Ticani olub. Ticani “Neftçi”nin ölkə daxilində ən böyük hesabla uduzduğu – 2007-ci ilin oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”ya 1:5 hesabı ilə yenildiyi görüşdə 3 qol vurmuşdu.


Mehman SÜLEYMANOV