“İstədiyimiz futbolçunu tapmamışıq”
14.05.2011 - 15:00
“İstədiyimiz futbolçunu tapmamışıq”
“Qarabağ” klubunun baş məşqçisi Qurbanov Qurbanov Premyer Liqanın XXXI turunda “Neftçi” üzərində qələbədən (3:0) sonra apasport.az saytının suallarını cavablandırıb

- Bir ildən sonra yenidən ev oyununuzu Quzanlı Olimpiya İdman Kompleksində keçirdiniz. Qazonunun durumundan şikayətlər var idi. İndi vəziyyət necədir?
- Qazon tədricən düzəlir. Əslində, bu gün o meydana çıxmamalı idik. Çünki ot hələ körpədir, tam bərkiməyib. Həm də görüləsi işlər var idi. Düzdür, burdakı şərait nisbətən düzəlib. Ancaq komandanın Quzanlıya köçməsi üçün çox işlər görülməlidir.

- Növbəti mövsümdə burda oynamaq haqda düşünürsünüzmü?
- Tam qərar qəbul etməmişik. Ancaq oynaya biləcəyimizi də istisna etmirəm. Çempionat başa çatdıqdan sonra bu haqda düşünəcəyik.

- Elvin Məmmədovun “Qarabağ”dan ayrılacağı dəqiqləşib. Yarımmüdafiə xəttini gücləndirmək üçün yeni futbolçu transfer etməyi düşünürsünüzmü?
- Əlbəttə, komandaya bir oyunçunu transfer etməyi düşünürük. Ancaq hələ istədiyimiz futbolçunu tapmamışıq. Bəyəndiyimiz oyunçu olsa, keçidini həll edəcəyik.

- Transfer edəcəyiniz futbolçu yerli olacaq, yoxsa legioner?
- Bunun elə də fərqi yoxdur. Əsas odur istədiyimiz oyunçunu tapa bilək. Hələ namizədimiz yoxdur.

- “Neftçi” ilə oyunda Türkiyənin “Göztəpə” klubunun idman direktoru da komandanızın oyununu izləyənlər arasında idi. Onun Əfran İsmayılov, Rauf Əliyev və Maksim Medvedevlə maraqlandığı məlumdur. Bu futbolçuların transferi ilə bağlı müraciət olunsa, onları buraxacaqsınız?
- İnanmıram ki, bu gün hansısa futbolçumuzu buraxaq. Xüsusilə də söhbət gənc oyunçulardan gedirsə, bu hələ mümkün deyil. Onlar ilk növbədə bizimlə əməkdaşlıq əlaqələri yaratmaq istəyirlər. Bundan sonra danışıqlar davam etdiriləcək. Bu il olmasa da, gələn il üçün müəyyən söhbətlər ola bilər.

- Vüqar Nadirov, Devran Ayhan və Namiq Yusifovun müqaviləsi başa çatır. Onlarla danışıqlar yekunlaşıbmı?
- Məncə problem olmayacaq. Danışıqlarımız olub, ümumi razılıq əldə edilib.

- Avropa Liqasında oynayacağınız dəqiqləşib. Heyətinizi yetərli sayırsınızmı?
- Yeni futbolçu hər bir komandaya lazımdır. Hazırda yerli futbolçuların hamısının klubları ilə müqaviləsi var. Legioner seçərkən elə etməliyik ki, həm oyunu, həm xarakteri, həm də mentaliteti bizə uyğun olsun. Düşündüyümüzü tapsaq, transfer edəcəyik. Tapmasaq, axtarışlarımızı davam etdirəcəyik.

- Məqsədinizə nail oldunuz və Avropa Liqasına vəsiqəni təmin etdiniz. Medalların əyyarının necə olmasının sizin üçün fərqi varmı?
- Əlbəttə, ikinci pilləni tutmaq daha yaxşıdır. Bunun üçün çalışacağıq. Ən əsası avrokuboklara vəsiqə qazanmaq idi. Azərbaycan üçün ikinci və üçüncü pillə arasında elə də fərq yoxdur. Ya çempion olmalısan, ya da kuboku götürməlisən. İndi çalışacağıq ki, Avropada yaxşı çıxış edib, uğur qazanaq.

- Necə düşünürsünüz, növbəti mövsümdə məqsədiniz yenə Avropa Liqasına vəsiqə qazanmaq olacaq, yoxsa çempion olmaq üçün mübarizə aparacaqsınız?
- Bununla bağlı hələ rəhbərliklə görüşümüz olmayıb.

- Sizcə, çempionluq uğrunda mübarizə aparmağın vaxtı çatmayıb?
- Vaxtı çatanda olacağıq.