Ölkə çempionatında ənənə qırıldı
14.05.2011 - 14:01
Ölkə çempionatında ənənə qırıldı
Çempionlar Liqasında çıxış edəcək daha 1 komandanın adı məlum olub. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində Moldovanı “Daçiya” təmsil edəcək. Kişinyovlular 37-ci turun “Kostuleni” ilə səfər matçında 1:0 hesabı ilə qalib gələrək çempionluğu təmin ediblər. Sona 2 tur qalmış “Daçiya” ən ayxın izləyicisi “Şerif”i 9 xal qabaqlayır. Son matçında “Dinamo”nu səfərdə 7:0 hesabı ilə darmadağın etməsi də tiraspollulara titulunu qorumağa kifayət etməyib. Bununla da ölkə çempionatlarında “Şerif” erası başa çatıb. 2000/01 mövsümündən bu yana 21-ci əsrin bütün çempionatlarında əvəsiz çempion olan tiraspollular ardıcıl 10 uğurdan sonra qızıl medallarla vidalaşıb.

Qeyd edək ki, “Daçiya” Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin potensial rəqiblərindən biridir. Moldovalılar böyük ehtimalla səpələnmişlər sırasında olacaq və bu da o deməkdir ki, bir neçə il əvvəl “Bakı”nı İntertoto kubokundan kənarlaşdıran kişinyovlular ən münasib rəqiblərimizdən sayılır. Turnirə vəsiqəni yeni qazanan digər komanda Macarıstan çempionu “Fehervar” isə “Neftçi” kimi səpələnməmişlərdən biri olacaq.