Yığmamızın sabiq futbolçusu Türkiədə fikir ayrılığı yaratdı
15.05.2011 - 16:15
Yığmamızın sabiq futbolçusu Türkiədə fikir ayrılığı yaratdı
Türkiyənin “Mersin İdman Yurdu” klubu Azərbaycan milli komandasının sabiq futbolçusu Ernani Pereyradan imtina edə bilər. Apasport.az saytının məlumatına görə, Superliqaya vəsiqə qazanan mersinlilər yeni mövsüm ərəfəsində heyətini gücləndirməyə qərar verib. Bu məqsədlə klub rəhbərliyi və texniki heyət müəyyən qərarlar qəbul edib. Ən böyük fikir ayrılığına isə məhz yığmamızın sabiq müdafiəçisi səbəb olub.

Əksəriyyət milliləşən braziliyalının 33 yaşı olmasını və arxada qalan mövsümün 2-ci yarısında heyətdəki yerini itirməkdə olmasını iddia etsə də Ernaninin müdafiəçiləri də tapılıb. Onlar Türk vətəndaşlığı olan və zəngin təcrübəyə malik futbolçuya Superliqada ehtiyac olduğunu bildirərək onun saxlanılmasını istəyirlər. Nəticədə qərara alınıb ki, Pereyranın yerinə oyunçu axtarışlarına başlanılsın. Əgər istənilən səviyyədə müdafiəçi tapılarsa braziliyalı ilə yollar ayrılsın. Əks halda isə komandada saxlanılsın. Bu isə o deməkdir ki, böyük ehtimalla Ernani özünə komanda axtarmalı olacaq.