“Xəzər Lənkəran”ın əsas qəhrəmanları
26.05.2011 - 15:15
“Xəzər Lənkəran”ın əsas qəhrəmanları
“Xəzər Lənkəran”ın Azərbaycan kubokundakı uğurlarında 3 futbolçu böyük pay sahibinə malikdir. Apasport.az saytının hesablamalarına görə, cənub təmsilçisi hər 3 kuboku qazandığı mövsümdə qapıçı Kamran Ağayev, yarımmüdafiəçilər Rahid Əmirquliyevlə Alim Qurbanov “ağ-yaşıllar”ın heyətində olub.

“Xəzər Lənkəran” 2007, 2008 və 2011-ci ildə ölkə kubokunu qazanıb. Millimizin də üzvləri olan Kamranla Rahid 2006-cı ildən, Alim isə “Xəzər Lənkəran” (2004-cü ildən) yaranandan bu komandanın şərəfini qoruyur.

Lənkəranlıların Peşəkar Futbol Liqasında olan iştirak ərizəsinə diqqət yetirsək, digər yerli futbolçulardan daim ehtiyatda qalan gənclər - Orxan Sadıqlı, Şəhriyar Xəlilov, Tural Cəlilov, Amid Hüseynov ilk dəfə kubok qazanırlarsa, Ruslan Poladov, Elnur Abdullayev və Elnur Allahverdiyev 2-ci belə uğurun sevincini yaşayırlar.

Düzdür, milli komandamızın da müdafiəçisi olan Elnur son 1 ildə oynadığı “Xəzər Lənkəran”ın heyətində nəinki ilk kuboku, ilk titulunu qazanır. Ancaq Allahverdiyev bunadək Azərbaycan kubokuna sahib çıxıb. Bu, 2009-cu ildə “Qarabağ”ın heyətində olub. Maraqlıdır ki, Elnurun şərəfini qoruduğu komanda onda da Respublika stadionunda finalda “İnter”ə qalib gəlmişdi (1:0).

Eyni sözləri onun “Xəzər Lənkəran”dakı adaşı haqda demək olar. Abdullayev hələ 2005-ci ildə “Bakı” klubunun heyətində ilk ölkə kubokunu qazanıb və həlledici oyunda mərkəzi arenada “İnter”dən (əlavə vaxtda 2:1) üstün olub. Poladov isə hər 2 kubokunu “Xəzər Lənkəran”ın heyətində əldə edib. Komandaya 2008-ci ilin qışında gələn Ruslan həmin mövsüm və indi ölkə kubokunu başı üzərində qaldırdı.

Cənub təmsilçisinin sifariş vərəqəsindəki 17 əcnəbisindən yalnız biri 2-ci dəfə Azərbaycan kubokunun qalibi olur. Söhbət “Xəzər Lənkəran”ın ən köhnə legioneri Dieqo Qusmaodan gedir. 23 yaşlı braziliyalı yarımmüdafiəçi 2008-ci ilin qışından komandada çıxış edir. Dieqo debütdəcə Lənkəran klubunun heyətində kuboku qazanıb.

Qalan legionerlər - Yevgeni Kopil (Ukrayna), Elvin Beçiri (Albaniya), Nikolae Muşat, Manuel Skarlatake, Kosmin Frasinesku, Hristu Kyaku, Andrey Mureşan, Adrian Pit, Katalin Doman, Stelian Stanku (hamısı Rumıniya), Bruno Simao (Portuqaliya), Julius Vobay (Syerra-Leone), İbrahima Banqura (Qvineya), Uinston Parks (Kosta-Rika), Emeka Opara (Nigeriya) ilk dəfə Azərbaycan kubokunun sahibi oldular. Qışda transfer edilən rumıniyalı hücumçu Viktor Pitsurkanın adı iştirak ərizəsində qalsa da, hələ mövsüm bitməmiş komandadan qovulub.

Qeyd edək ki, “Xəzər Lənkəran” 2008-ci ildən bu yana nəinki titul, mükafat qazana bilmirdi. Buna başa çatan mövsümdə son qoyuldu. Rumıniyalı Mirça Rednik ötən yaydan baş məşqçisi olduğu Lənkəran təmsilçisinə çempionatımızın gümüş medalını və ölkə kubokunu qazanırdı.

Mehman SÜLEYMANOV
0