FİFA prezidenti jurnalistlərlə dalaşdı
31.05.2011 - 09:22
FİFA prezidenti jurnalistlərlə dalaşdı
FİFA prezidenti Yozef Blatter Sürixdə keçirdiyi mətbuat konfransında xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun başçısı jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb.

Öncə birdən-birə 2 sual verən jurnalistdən hansı suala cavab verməli olduğunu soruşan Blatter ardından Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasının rəhbəri Cek Uornerin onun ünvanına səsləndirdiyi ittihamlara şərh verməyib.

Həmkarlarımız isə mətbuat konfransının tez qurtarmasından, Blatterin bütün suallara cavab verməməyindən narazı qalıblar. Britaniyanın “Guardian” qəzetinin müxbiri Mett Skotta, ümumiyyətlə sual verməyə qoymayıblar.

FİFA-nın mətbuat katibi konfransın bitdiyini elan etdikdən sonra jurnalistlər Blatteri “sual yağışı”na tutublar. FİFA rəsmisi isə onları sakitləşdirməyə çalışıb: “Mətbuat konfransını keçirməyə razılıq verməklə, sizə hörmətimi göstərdim. Mənə hörmət edin. Mən jurnalist olanda, qaydaları əməl edirdim”.

Bu zaman jurnalistlərdən biri mikrofona yaxınlaşaraq, “məgər bu, hörmətdir? Siz gedirsiniz, bizim isə hələ çox sualımız var” – deyə, narazılıq edib.
0