İqor Ponomaryov: Toya görə biletimi dəyişməliyəm MÜSAHİBƏ
31.05.2011 - 15:34
İqor Ponomaryov: Toya görə biletimi dəyişməliyəm MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq baş məşqçisi, futbol üzrə yeganə olimpiya çempionumuz İqor Ponomaryovun apasport.az saytına müsahibəsi

- Bakıya nə vaxt gəlmisiz?
- Ötən gecə. Yenidən vətəndə olmaq mənim üçün xoşdur.

- Səfəriniz Azərbaycan futbolunun 100 illik yubileyində iştirak etməkdir?
- Elədir. AFFA məni bu tədbirə rəsmən dəvət edib. Çox şadam ki, Azərbaycan futbolunun 100 illik yubileyidir və bununla bağlı belə möhtəşəm tədbir olacaq. Mətbuatdan oxuyuram ki, AFFA bu tədbirə xaricdən bir sıra qonaqlar dəvət edib. Bunlar arasında FİFA və UEFA prezidentləri, bir sıra federasiyaların rəhbərləri var. Belə tədbirdə iştirak etmək mənim üçün qürurvericidir.

- Səfər çərçivəsində başqa görüşləriniz də varmı?
- Anar Məmmədxanovun qırx mərasimində iştirak edəcəyim. Yaxın dostumun qəfil vəfatı mənə çox pis təsir etdi. Təbii ki, milli komandamızın 2 oyununu, Almaniya ilə Bakıdakı görüşü izləyəcəyəm. Bundan əlavə, Bakıda toya gedəcəyəm (gülür).

- Maraqlıdır, kimin?
- Oqtay Abdullayevin oğlu evlənir. Futboldakı dostlarımın xeyir işlərində, övladlarının toyunda imkan daxilində iştirak edirəm. Bu dəfə Oqtayın oğlunun toyuna dəvət olunmuşam. Bakıda evdə, yaxınlarımın, dostlarımın əhatəsində oluram. Bu, normaldır.

- Belə çıxır ki, vətənə bu səfəriniz lap yerinə düşdü...
- Bax, bunu tamamilə düz qeyd etdiniz (gülür). İndiki gəlişim çox yerinə düşdü.

- Sizinlə birgə İsveçdən kimsə gəlib?
- Yox, təkəm. Mənə qonaq lazım deyil (gülür).

- Bunu ona görə dedik ki, yaxşı əlaqələriniz var və kiminsə AFFA-nın keçirdiyi yubiley tədbirində iştirak etməsində vasitəçi ola bilərdiniz...
- Bu işlə bilavasitə AFFA məşğul olur. Qonaqlar onların dəvəti ilə gəlir.

- Saytımızın 100 illiyin rəmzi yığma komandası ilə bağlı sorğusu yekunlaşdı və ora siz də düşmüsüz. Hesab edirik ki, rəmzi komandada layiqli yerini tutmusunuz...
- Bu xoş sözlərə görə sizə minnətdaram. Əlbəttə, 100 illiyin komandasına düşmək mənim üçün həm sevindirici, həm də fəxrdir.

- Maraqlıdır, həmin komandaya düşəcəyinizi gözləyirdiniz? Ümumiyyətlə, bundan xəbəriniz vardı?
- Sizin saytı oxuyuram. Yəqin ki, həmin anı buraxmışam, rəmzi yığmaya düşməyim diqqətimdən qaçıb. Görmədiyim bu xoş xəbəri sizdən eşitdim. Məni rəmzi yığmaya seçənlərə minnətdarlığımı bildirirəm. Bu siyahıya düşməyimə imkan yaradanlara çox “sağ ol” deyirəm. Futbola göstərdiyim xidmətlərə diqqətdən kənarda qalmamağı mənim üçün sevindiricidir.

- Yay fasiləsi yeni iş yeri baxımından bir imkandır. Artıq hansısa təklif almısınız?
- Hələlik yox. Əgər bir təklif olarsa, baxıb müzakirə edəcəyik. Ancaq hazırda mən konkret AFFA-nın dəvəti ilə futbolumuzun 100 illik tədbirində iştirak etmək üçün gəlmişəm.

- Hesab edirəm ki, futbolumuzun 100 illiyində sizin üçün yaxşı hədiyyə komandalarımızdan birində çalışmağınız olardı. Hər halda, vətəndə işləməyi çox arzulayırsınız...
- Dediklərinizin reallaşmasını vaxt göstərəcək.

- Əgər sirr deyilsə, artıq geriyə bileti almısınız, yoxsa dönüş tarixini açıq saxlamısınız?
- (gülür).Almışam. İyunun 9-da qayıtmalı idim. Ancaq bileti dəyişdirməli olacağam. Çünki əks təqdirdə, toyda iştirak edə bilməyəcəyəm. Gərək, 10-a bilet alım, həmin vaxt qayıdım.

- Belə çıxır ki, toya dəvəti Bakıda bilmisiniz?
- Əlbəttə, toy olduğunu bilsəydim, daha gec vaxta bilet alardım. İstənilən halda, bu toyda iştirak edəcəyimə görə çox şadam. Fürsətdən istifadə edib, təbriklərimi çatdırıram.

- Milli komandamızın sabiq baş məşqçisi Qazaxıstanla səfər, Almaniya ilə evdəki rəsmi oyunlardan nə gözləyir?
- Təbii ki, hamımız yığmamızın uğurlu çıxışını istəyir və Qazaxıstanla görüşlə bağlı böyük ümidlərimiz var. Həmin səfər oyununda qələbə böyük hədiyyə olardı. Sözsüz ki, Almaniya yığması tam fərqli rəqibdir, qrupumuzun favoritidir. Burada artıq nəsə deməyin yeri yoxdur. Digər tərəfdən, hər oyun futbolçulara öyrənməyə imkan verir. Ümid edirik ki, Almaniya kimi güclü yığmalarla belə oyunlar çox olacaq və futbolçularımız çox şey öyrənəcəklər.

- Azərbaycanda növbəti futbol mövsümü bitdi. Avroliqada hər 4 təmsilçimiz müəyyənləşdi. Bunlardan 3-ü vaxtilə bağlı olduğunuz – futbolçu karyeranızı böyük hissəsini keçirdiyiniz “Neftçi”, habelə baş məşqçisi olduğunuz “Xəzər Lənkəran” və “Qarabağ”dır. AZAL-ı dostunuz, uzun illər birgə oynadığınız Nazim Süleymanov çalışdırır...
- Təbii ki, hamımız avrokuboklarda ölkəmizi təmsil edənlərdən uğur gözləyirik. Fikrimcə, bu oyunlar bizim hazırda Avropada hansı gücə malik olduğumuzu, Azərbaycanı beynəlxalq miqyasda necə təmsil edə bildiyimizi göstərəcək.

- Oğlunuz Anatolinin menecerlik işi necə gedir?
- Yaxşıdır. O, çox çalışır. Anatoli “Höteborq”un heyətində UEFA kubokunun qalibi ilə birgə işləyir, müştərək menecerlik şirkəti açıblar. Yaxşı əlaqələrini artırır. Ola bilsin ki, Azərbaycan transfer bazarında da çalışsınlar, hansısa futbolçularımızın xaricə gedişinə vasitəçi olsunlar. Hər şey mümkündür.

Mehman SÜLEYMANOV
0