Ramin Vəliyev: Həmin jurnalistləri məhkəməyə verəcəm
01.06.2011 - 15:59
Ramin Vəliyev: Həmin jurnalistləri məhkəməyə verəcəm
“Mənim Unibank Kommersiya bankından uzaqlaşdırıldığım haqda mətbuatda yayılan xəbərlər dezinformasiyadır. Öz istəyimlə ərizə yazıb, başqa işə getmişəm”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasının baş sponsoru olan Unibank Kommersiya Bankının Marketinq Departamentinin sabiq rəhbəri Ramin Vəliyev deyib.

Ölkə mətbuatında Ramin Vəliyevin vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün bank rəhbərliyi tərəfindən vəzifəsindən kənarlaşdırıldığı barədə xəbərlər yayılıb. Amma əməkdaşımızla söhbətində Vəliyev haqqında yayılan məlumatların əsassız olduğunu vurğulayıb: “Məni kimsə Unibankdan kənarlaşdırmayıb, öz istəyimlə getmişəm. İndi Delta Qrupda Satış və Marketinq üzrə sədrin müaviniyəm”.

Vəliyev bildirib ki, onun bankdan qovulması barədə xəbər yazan jurnalistləri məhkəməyə vermək niyyətindədir: “Həmin jurnalistləri məhkəməyə verəcəyəm. Əgər onlarda belə bir xəbər var idisə, peşəkar jurnalist kimi ya mənim fikirlərimi öyrənə, ya da Unibankdan rəsmi məlumat ala bilərdilər”.

“Bəs, bu xəbərlər hardan qaynaqlanır” sualına gəlincə, Vəliyev bildirib ki, sosial facebook sosial şəbəkəsində Unibankdan ayrılması barədə status yazıb ki, bəziləri də bunu düzgün təhlil edə bilməyiblər.