“Xəzər Lənkəran” “Panduri” ilə qarşılaşacaq
01.06.2011 - 19:03
“Xəzər Lənkəran” “Panduri” ilə qarşılaşacaq
“Xəzər Lənkəran” klubunun yay təlim-məşq toplanışındakı sınaqçı rəqiblərindən biri məlumdur. Apasport.az saytının məlumatına görə, Rumıniya mətbuatı təmsilçimizin “Panduri” ilə görüşəcəyini iddia edir.

Həmkarlarımızın yazdığına inansaq, bu komanda iyunun 25-də Avstriyaya yola düşəcək. “Panduri”nin ölkə xaricində keçirəcəyi 6 matçdan birindəki rəqib isə məhz həmyerliləri Mirça Rednikin başçılıq etdiyi “Xəzər Lənkəran”dır. Oyunun dəqiq tarixi isə hələ müəyyənləşməyib.

“Panduri”nin digər 5 rəqibinin də adı maraq doğurur. Çünki həmin vaxt orada olacaq Azərbaycan kubokunun sahibi də bu komandalarla görüşə bilər. Bunlar MOİK (Bolqarıstan), “Dinamo” (Çexiya), “Antalyaspor” (Türkiyə), “Əl-Əhli” (Qətər) və Qazaxıstan yığmasıdır.

Avstriya toplanışına Avro-2012-nin seçmə mərhələsində rəqibimiz olan əsas, yoxsa hər hansı yaş qrupundan olan millinin gedəcəyi də hələ dəqiq bilinmir.