Elxan Məmmədov Sürixdən Astanaya gələcək
01.06.2011 - 21:00
Elxan Məmmədov Sürixdən Astanaya gələcək
AFFA-nın baş katibi Elxan Məmmədov Qazaxıstana yollanacaq. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, Məmmədov İsveçrədən Qazaxıstan paytaxtına üz tutacaq. Baş katib AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birgə bu gün FİFA-nın Sürix şəhərindəki mənzil-qərargahında keçirilən prezident seçkilərində iştirak edib. Onlar yeganə namizəd olan Yozef Blatterin postunda qalmasına səs veriblər. Abdullayevlə Nəsirovun İsveçrədən Qazaxıstana gələcəkləri hələ dəqiqləşməyib. Məmmədov isə əvvəllər olduğu kimi, milli komandamızın səfər oyununu keçirdiyi ölkəyə üz tutacaq və iyunun 3-də Qazaxıstan yığması ilə Avro-2012-nin seçmə mərhələsində rəsmi görüşünü izləyəcək.

Qeyd edək ki, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev bu gün milli komandamızla birgə Bakıdan Astanaya yollandı və nümayəndə heyətinə rəhbərlik edirdi. Yığmamız Qazaxıstanla görüşdən dərhal sonra çarter reysilə ilə vətənə qayıdacaq və iyunun 4-də gecə saatlarında Bakıda olacaq.

Mehman SÜLEYMANOV, Astana