Blatter yenə FİFA prezidenti seçildi
01.06.2011 - 23:17
Blatter yenə FİFA prezidenti seçildi
İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti - 61-ci konqresi keçirilib. Apasport.az saytının xəbərinə görə, konqres həm də qurumun rəhbərliyinə yeni prezidentin adının bəlli olması ilə əlamətdar olub.

Əslində, bu şəxs yeni yox, bizə yaxşı tanış olan hazırkı prezident Zepp Blatterdi. İsveçrəli seçkilərə tək namizəd olaraq qatıldığından onun heç bir rəqibi olmayıb və seçki istənilən halda Blatterin xeyrinə başa çatıb. 75 yaşlı qurum rəsmisi 208 ölkənin iştirakı ilə keçirilən seçkidə 186 səs toplayıb. Bu isə ümumi səslərin 89,4 faizi deməkdi.

Blatter 1998-ci ildən bəri ardıcıl 4-cü dəfə prezident seçilib. 13 ildi ki, qurumun başında olan isveçrəli idarəçi bundan sonra daha 4 il FİFA-ya rəhbərlik edəcək.

Qeyd edək ki, sözügedən seçkilərdə 3 gün öncəyədək Blatterin bir rəqibi vardı. Bu, Asiya Futbol Konfederasiyasının prezidenti Məhəmməd ibn Hammam idi. Lakin nədənsə seçkilərə 3 gün qalmış Hammamın rüşvət verdiyi iddiası ortaya atıldı və o, namizədlikdən kənarlaşdırıldı.

Tədbir zamanı İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Əli ibn Hüseyn, Devid Çunq, Cim Boyz, Vernon Maninal Fernando, Teo Tsvantsiger və Məhəmməd Raurau İcraiyyə Komitəsinə yeni üzvlər seçildiyi halda Çunq Mun-Yun, Junji Oqura, Jefrey Tompson və Frans Bekkenbauer komitəni tərk edib.

Qeyd edək ki, konqres zamanı çıxış edən Blatter işlək prezident olduğunu göstərmək üçün yeni iddia ilə çıxış edib. O, dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçimini şəffaflaşdırmaq üçün bundan sonrakı seçimləri İcraiyyə Komitəsinin yox, quruma üzv olan 208 ölkənin etməsini tövsiyə edib: "Federasiyalara daha çox azadlıq verməliyik. İcraiyyə Komitəsinin DÇ-nin ev sahibini müəyyən etməsi nə dərəcdə düzgündü? Bundan sonrakı seçimlərin üzv ölkələrin federasiyalarının səsləri nəticəsində müəyyən olunmasını düzgün hesab edirəm. İcraiyyə Komitəsi namizədləri, federasiyalar isə ev sahibini seçsin".
Bu arada konqres zamanı DÇ-2026-ya ev sahibliyi edəcək ölkənin 2018-ci ildən erkən bəlli olmayacağı açıqlanıb.