“Yuventus”u şoka salan qapıçı “Neftçi”yə gəlir
03.06.2011 - 11:42
“Yuventus”u şoka salan qapıçı “Neftçi”yə gəlir
“Qalatasaray” klubunun əvəzedici qapıçısı Robinson Zapata ilə maraqlandığı söylənilən “Neftçi”nin daha böyük transfer edəcəyi gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, bakılılar Çempionlar Liqasından öncə heyətini Belarus millisinin 29 yaşlı qapıçısı Sergey Veremko ilə gücləndirə bilər.

“Ağ-qaralar”ın gələcək qapıçısı bu gün qitə çempionatının seçmə mərhələsində Belarus - Fransa matçında ilk dəqiqələrdən meydana çıxmalıdır. Belaruslu həmkarlarımızın fikrincə, millinin almaniyalı çalışdırıcısı Bernd Ştange Yuriy Jevnov (“Zenit”, Rusiya), Anton Amelçenko (“Lokomotiv”, Rusiya) və Veremko rəqabətində sonuncuya üstünlük verəcək.

Bu ilin yanvarında BATE aparıcı futbolçularından olan Veremkonu 300 min avro qarşılığında satmağa razı olub. Amma Ukrayna “Sevastopol”u ilə 2,5 illik müqavilə imzalayan qapıçının bu klubla əməkdaşlığı uzun sürməyəcək.

Belarus millisinin qolkiperi komandanın böyük büdcəyə malik olmasına baxmayaraq, gözlənilmədən Ukrayna Premyer Liqasını tərk edən “Sevastopol”dan ayrılmaq qərarına gəlib. Hazırda millinin düşərgəsində olan Veremko Belarus mətbuatına açıqlamasında aşağı dəstədə oynamaq istəmədiyini bildirib.

Aldığı çoxsaylı təkliflər arasında seçim edəcək Veremkonun potensial müştəriləri arasında Azərbaycan çempionunun da adı var.

Minsk “Dinamo”sunun yetirməsi olan Veremko peşəkar çıxışlarına “Neman” klubunda başlayıb. 2007-ci ildə Belarusun ən yaxşı qapıçısı seçilən Sergey ilk dəfə milli komandaya dəvət alıb və BATE-yə transfer olunub. Karyerasının ən böyük uğurlarına Borisov təmsilçisinin heyətində imza atan Veremko daha üç dəfə ölkəsinin ən yaxşı qapıçısı sayılıb və üç dəfə Belarus çempionu adını qazanıb.

Veremko Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsində inamlı çıxışı ilə yadda qalıb. Yeri gəlmişkən, BATE Çempionlar Liqasının qrup mərhələsində səfərdə qazandığı yeganə xala görə məhz ona minnətdar olmalıdır. Veremko Turində “Yuventus”la oyunda Covinkonun penalti zərbəsini qaytarmağa müvəffəq olmuşdur.