“Neftçi” Ruslan Abışovu şərtlə buraxır
03.06.2011 - 13:58
“Neftçi” Ruslan Abışovu şərtlə buraxır
“Ruslan Abışovun bizimlə müqaviləsi hələ bitməyib”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

6 illik fasilədən sonra tarixində 5-ci dəfə ölkə çempionu titulunu qazanan “ağ-qaralar” qitənin ən nüfuzlu turnirində də uğur qazanmaq istəyir. Bu səbəbdən klub rəhbərliyi hazırkı heyəti qorumaqla yanaşı, bir neçə yeni transfer də nəzərdə tutub.

Ancaq hələ mövsüm bitməmiş komandanın müdafiəçisi Ruslan Abışov karyerasını ölkə xaricində davam etdirmək istədiyini açıqlamışdı. Düzdür, müdafiəçi son günlər bir qədər tərəddüd edir. Deyəsən, legioner həyatının alınmayacağını görən Abışov indi də vəziyyətdən çıxış yolu kimi klub rəhbərliyinin icazə verəcəyi təqdirdə, başqa ölkədə oynayacağını deyib. “Neftçi” isə ona hazırkı klubundan daha güclü komandaya keçəcəyi təqdirdə getməsinə şərait yaradacaq: “Əgər Ruslanın gedəcəyi klub “Neftçi”dən güclü olacaqsa, ona şərait yaradacağıq. Komandamızın rəhbərliyi futbolçularımızın daha güclü klublarda oynamasında maraqlıdır”.

Ancaq istənilən halda, Abışov Çempionlar Liqasının təsnifat mərhələsində paytaxt təmsilçisinə kömək edəcək: “Abışov xarici kluba keçsə belə, təsnifat mərhələsində bizə kömək edəcək. Bu onun da arzusudur”.

Bu arada paytaxt təmsilçisi 3 futbolçu ilə müqaviləni uzatmaq niyyətindədir: “Cavid Hüseynov, Ruslan Əmircanov və Rəşad Abdullayevlə müqaviləni uzadacağıq. Onlarla şifahi razılıq əldə edilib. Yığmanın düşərgəsindən döndükdən sonra, rəsmi müqavilə imzalanacaq”.

Belarus millisinin qapıçısı Sergey Veremkonun “ağ-qaralar”a transferinə gəlincə, Əsədov bildirib ki, hələlik ona bu futbolçu barədə hansısa məlumat verilməyib.

Qeyd edək ki, “Neftçi” yeni mövsümün hazırlığına iyunun 10-da start verəcək. Buna qədər komanda tibbi müayinədən keçəcək.

İyunun 7-də yerli, 2 gün sonra isə legionerlər həkim nəzarətindən keçəcəklər. Komanda iyunun 10-da Türkiyəyə yollanacaq.