“Bakıya köçməyin əleyhinə deyiləm”
03.06.2011 - 23:03
“Bakıya köçməyin əleyhinə deyiləm”
Latviya milli komandasının futbolçusu Maris Verpakovskinin apasport.az saytına müsahibəsi

- Bir neçə il əvvəl sizin Azərbaycana transfer olunacağınızla bağlı xəbərlər dolaşırdı...
- Bəli, bir neçə agentlə danışıqlar aparmışdıq. Həqiqətən də maraq var idi, özü də mən tərəfdən də. Amma ciddi söhbət olmamışdı. Bu üzdən də hər şey şayiə səviyyəsində qaldı. Sonradan mənim başqa variantlarım yarandı.

- Hansı Azərbaycan klubları sizin keçidinizi rəsmiləşdirə bilərdi?
- Açığını deyim ki, dəqiq yadımda deyil. Deyəsən, söhbət “İnter”dən gedirdi. Hə, hə, bu “İnter” idi.

- Son vaxtlar həmyerlilərinizin həvəslə Azərbaycana gəlməsinə münasibətiniz necədir?
- Bununla bağlı çoxları ilə, o cümlədən, latviyalılarla söhbət etmişəm. Həmçinin, baş məşqçimiz Aleksandr Starkovla. Heç vaxt Bakı, çempionat haqda pis söz eşitməmişəm. Səviyyə yüksəkdir. Bu üzdən futbolçularımızın ölkənizə getməsinə müsbət yanaşıram. Çünki bu, latviyalılar üçün yaxşıdır ki, belə çempionatda oynayırlar. Mən yalnız lehinəyəm. Klublarınız da sanballıdır. Səviyyə də son illərdə artıb.

- Starkov baş məşqçisi olduğu “Bakı” klubunda uğur qazana bilərmi?
- Düşünürəm ki, hə. O, bunu daha güclü çempionatda - Rusiya Premyer Liqasında “Spartak”la bacarıb. O vaxt komanadası 2-ci yeri tutdu. Bu həmin dövr üçün moskvalıların ən yaxşı nəticəsi idi. Starkov “Bakı”ya kömək etmək iqtidarındadır.

- Lakin ötən mövsüm bu alınmadı. Komanda avrokuboklardan kənarda qaldı...
- İlk yarım il tanışlıq xarakteri daşıyırdı. Məncə artıq o, yaxşı nəticə üçün nə etməli olduğunu bilir. Hər halda, Starkov əvvəlki iş yerlərində uğurlar qazanıb.

- Sizin işləriniz necə gedir? Yunanıstanda icarə əsasında oynayırdınız...
- İki il orda oynadım, indi yeni komanda axtarışındayam.

- Kiyev “Dinamo”su ilə müqaviləniz bitir?
- Hələ ki, yox. Yenə icarə əsasında oynayacağam.

- Azərbaycandan real təklif gəlməsinə necə baxırsınız?
- Müsbət. Məmnuniyyətlə dəyərləndirərəm. Mən Bakıya köçməyin əleyhinə deyiləm.

Rüstəm MİKAYILLI
RİQA