İlham Əliyev FİFA və UEFA prezidentlərini qəbul edib
06.06.2011 - 08:25
İlham Əliyev FİFA və UEFA prezidentlərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 5-də FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platinini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Yozef Blatteri növbəti dəfə FİFA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib və bu yüksək posta seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin önəmini qeyd edib. Prezident İ. Əliyev Yozef Blatteri dünya futbol ictimaiyyətinin böyük dəstəyi ilə FİFA-nın prezidenti seçilməsinə toxunaraq bunu onun rəhbərliyi ilə FİFA-nın səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Dövlət başçısı Y. Blatterlə Bakıda və Sürixdə keçirdiyi görüşləri xatırlayıb. O, Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Y. Blatterə təşəkkürünü bildirib.

Y. Blatter Azərbaycana yenidən səfər etməsindən və prezident İ. Əliyevlə görüşündən məmnunluğunu ifadə edib. O, Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə dəvət olunduğuna görə İ. Əliyevə minnətdarlığını bildirib.

Y. Blatter və M. Platini prezident İ. Əliyevə xatirə hədiyyələri təqdim ediblər.