FIFA və UEFA prezidentləri “Dalğa Arena”nın açılışında iştirak ediblər
06.06.2011 - 09:42
FIFA və UEFA prezidentləri “Dalğa Arena”nın açılışında iştirak ediblər
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlərə start verilib. Apasport.az saytının məlumatına görə, AFFA tərəfindən Mərdəkanda inşa olunmuş AFFA Futbol Mərkəzində “Dalğa Arena”nın və yardımçı meydançanın açılış mərasimi olub.

Ölkəmizə səfər edən FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini AFFA prezidenti Rövnəq Abdullayevlə birgə açılış mərasimində iştirak ediblər.

FİFA, UEFA və AFFA prezidenti açılışdan sonra məkanı gəziblər, əsas meydançaya da baxış keçiriblər. Onlar meydançanın ortasında əllərində 3 şar olan uşaqlara yaxınlaşıb. Şarlarının hər birinin üstünə FİFA, UEFA, AFFA-nın emblemləri olub və qurumların başçıları şarları göyə buraxıblar. Daha sonra Blatterlə Platini meydançada olan 17 yaşlı qızlardan ibarət yığma komandamızın üzvləri ilə bir-bir görüşüblər.