Milli komandamız çıxılmaz vəziyyətdə
06.06.2011 - 10:41
Milli komandamız çıxılmaz vəziyyətdə
Azərbaycan yığması Avro-2012-nin seçmə mərhələsində sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, millimiz dünya və Avropa çempionu olan Almaniyanı qəbul edəcək.

Sözsüz ki, görüş komandamızın almaniyalı baş məşqçisi Berti Foqts üçün xüsusi əhəmiyyət daşıyır. Axı Foqts həmyerliləri, ona çox yaxşı tanış olan komanda ilə görüşəcək.

65 yaşlı mütəxəssis futbolçu kimi heyətində dünya və Avropa çempionluğunu qazandığı Almaniya yığmasını 8 il (1990-98-ci illər) çalışdırıb. Bundestim sonuncu Avropa çempionluğunu məhz Foqtsun vaxtında – 1996-cı ildə qazanıb.

Millimizin ardıcıl 2-ci seçmə mərhələdə rəqibi olan almanlar indiyədək hər 3 oyunda bizə qalib gəlib. Təbii ki, qrupumuzun liderinin bu dəfə də qalib gəlmək şansı çoxdur. Millimiz üçünsə nə qədər çətin olsa da, yalnız nəticə qazanmaq azarkeşlər qarşısında bəraət ola bilər. Axı yığmamızın ötən cümə Qazaxıstandakı məğlubiyyəti (1:2) böyük əks-səda doğurdu. Sözsüz ki, futbolumuzun 100 illik yubileyi ərəfəsində belə nəticə heç arzuolunmaz idi.

İndi ölkəmizin 1 nömrəli komandası yubiley tədbirinin ertəsi məsul, çətin sınağa çıxacaq və bunu təkcə layiqli oyunla yox, ən əsası, xalla qeyd etmək lazımdır. İlk baxışdan bu, bizim üçün möcüzə kimi görünsə də, milli komandamızın başqa çıxış yolu yoxdur. Qazaxıstana məğlubiyyətə görə günahı yalnız Almaniya ilə oyunda xalla yumaq olar.

Buna nail olmağa sövq edən digər məqam yığmamızın bu il ilk dəfə doğma publika qarşısına çıxmasıdır. Foqtsun komandası cari ildə bütün yoldaşlıq və rəsmi oyunlarını səfərdə keçirib. Millimizin sonuncu ev oyunu isə azarkeşlərimizin yadında unudulmaz anlarla qalıb. Axı onda, yəni, ötən ilin oktyabrın 12-də Türkiyə yığması üzərində Respublika stadionunda 1:0 hesablı tarixi qələbə qazanmışdıq.

Həmin vaxt da millimiz ardıcıl 4 gündə 2 seçmə oyuna çıxmışdı. Cümə günü səfərdə Avstriya yığmasına böyük hesabla uduzan (0:3) millilərimiz çərşənbə axşamı bizi möhtəşəm qələbə ilə sevindirmişdi. Türkiyə yığması son Avropa çempionatının bürünc medalçıdırsa, Almaniya millisi gümüş mükafatçıdır.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu son illər üçün ən gec saatda başlayacaq. Saat 22:00-da startı veriləcək görüşü 35 yaşlı Mixail Koukoulakisinin başçılıq etdiyi yunanıstanlı hakimlər idarə edəcək.