Azərbaycan milli komandasına qol vurub, ofsaydda qalanlar
06.06.2011 - 16:44
Azərbaycan milli komandasına qol vurub, ofsaydda qalanlar
Azərbaycan milli komandasına qol vuran Almaniya yığmasının futbolçuların çoxu Bakıya gələsi olmadı. Apasport.az saytının məlumatına görə, milli komandamızla indiyə kimi hər 3 oyunda qapımıza yol tapan Miroslav Kloze bu dəfə də çağırılsa da, sonradan heyətdən çıxarıldığı məlum oldu. Belə ki, Kloze zədə üzündən mövsümü vaxtından əvvəl bitirməli oldu.

Polşa əsilli olan Miroslav millimizlə hər 2 səfər oyununda dubl edib. Yəni 33 yaşlı hücumçu Hannoverdə 4:0, Kölndə 6:1 hesabı ilə qalib gəldikləri oyunda Kamran Ağayevin qapısına hər dəfə 2 top keçirib. Kloze Bakıda 2:0 hesabı ilə qələbə qazandıqları oyunda isə Fərhad Vəliyevi bir dəfə məyus edib. Ümumilikdə millimizə 5 qol vuran Miroslav bu dəfə ofsaydda qalıb.

Milli komandamıza ilk qolu vuran almaniyalı futbolçu, Klozenin “Bavariya”da da komanda yoldaşı olan Bastian Şvaynştayger isə barmağının sınmasının əziyyətini çəkdi. Bunu gizli saxlayaraq, klubunda oynayan yarımmüdafiəçi sonradan bunun acısını çəkdi. Nəticədə Bundestimin baş məşqçisi Yoahim Löv Bastianı yığmamızla oyuna çağırmadı.

Eyni sözləri Almaniya yığmasının əsas kapitanı Mihael Ballak haqda demək olar. “Bayer”in yarımmüdafiəçisi cari seçmə mərhələdə millimizlə 6:1 hesabı ilə qalib gəldikləri zədə üzündən buraxmalı oldu. Ballak uzun müddətdən sonra yaşıl meydana qayıtsa da, əvvəlki formasında deyil. Ən əsası, Mihaelin fiziki durumu ilə bağlı problemləri var və Löv bu üzdən onu millimizlə oyuna dəvət etmədi. Yeri gəlmişkən, Almaniyada yığması ilk qolu (4:0-də penaltidən fərqlənən) vuran Ballak artıq milli karyerasını bitirdiyini elan edib.

Yığmamızın Almaniyadakı 2-ci görüşündə hesabı açan “Hamburq”un müdafiəçisi Hayko Vestermann da Bakıdakı görüşdən kənarda qaldı. Bizə qol vuran alman futbolçulardan Polşa əsilli digər hücumçu Lukas Podolski (“Köln”) ilə Holqer Badştuber (“Bavariya”) ölkəmizə gəldilər. Onlar 6:1-də fərqləniblər. Podolski ümumiyyətlə, millimizlə hər 2 ev oyununda fərqlənib. Almaniya yığması millimizə 3 oyuna 12 qol vurub ki, bunlardan biri bizim hesabımızdadır. Məsələ ondadır ki, millimizin kapitanı Rəşad Sadıqovu 1:6 hesabı ilə uduzduğumuz matçın 53-cü dəqiqəsində öz qapımıza qol vurmuşdu.

Maraqlıdır ki, hazırda Almaniya yığmasının əsas “vuran ayağı” olan Mario Qomes hələ bizə qol vurmayıb. Bundestimin yeganə hücumçusu yığma ilə yanaşı, Almaniya çempionatın bombardiridir. Qomes öz məhsuldar oyunu ilə Klozeni həm “Bavariya”, həm də millidə kölgədə qoyaraq, əsas heyətdən çıxışdırıb. Nəticədə daha çox ehtiyatda qalan Miroslav “Bavariya”dan getməyə qərar verib.

Qeyd edək ki, avrokuboklarda Almaniya ilə yeganə görüşümüz ötən yay oldu. Onda “Qarabağ” Avroliqanın son təsnifat mərhələsində Dortmundun “Borussiya” klubu ilə 2 dəfə oynadı. “Borussiya” qapımızdan 5 cavabsız qol keçirdi ki, onda “çərçivə”ni millimizin qapıçısı Vəliyev qoruyurdu. Maraqlıdır ki, “Borussiya”da bir sıra yerli futbolçular oynasa da, qolları legionerlər vurdu. Belə ki, qollardan 3-ə Paraqvay yığmasının hücumçusu Lukas Barrios, 2-ə Yaponiya millisinin yarımmüdafiəçisi Sinci Kankava imza atdı.

Mehman SÜLEYMANOV