Mişel Platini: Ola bilər ki, sabah Almaniya yığmasına qalib gəldiniz
06.06.2011 - 18:49
Mişel Platini: Ola bilər ki, sabah Almaniya yığmasına qalib gəldiniz
“Azərbaycana növbəti dəfə gəldiyimə görə çox şadam. FİFA prezidenti Yozef Bllatterlə birgə bura gəlməyimizin 4 səbəbi var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri UEFA prezidenti Mişel Platini bu gün Bakıda keçirdikləri mətbuat konfransında deyib. Ölkəmizə əvvəllər də səfər edən əfsanəvi fransalı futbolçu növbəti gəlişindən daha çox məmnunluğunu ifadə edib. Bu da futbolumuzun 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etməklə bağlıdır: “Birincisi, Azərbaycan prezidenti və AFFA prezidenti ilə görüşlərimiz oldu. İkincisi, futbolunuzun 100 illik yubileyini sizinlə birgə qeyd edirik. Təbii ki, bizə baxanda 100 yaşımızın olmadığını görürsünüz. Biz daha cavanıq. “Dalğa Arena” kimi gözəl stadionun açılışında iştirak etdik. Bu arenanın inşasına UEFA səviyyəsində dəstək olub. “Dalğa Arena” çox yaxşı inşa edilib, ən əsası, stadionda gözəl atmosfer var. Sevindirici məqam odur ki, stadion elə-belə yerdə yox, dəniz kənarında tikilib. Yəni dəniz qırağına gələn uşaqlar futboldan kənarda qalmayacaqlar. Əsas odur ki, insanlar ora ailəliklə gələcəklər və bu, bir bayramdır. Daha bir səbəb 65 minlik olimpiya stadionunuzun təməl qoyulmasında iştirak etməyimiz idi və gələcəkdə belə gözəl arenanız olacaq. Siz azərbaycanlılar fəxr etməlisiniz ki, ölkə prezidentiniz və AFFA prezidentiniz infrastruktura belə diqqət yetirirlər. İndi qalır yaxşı futbolçu tapmaq, bu isə məndən asılı deyil”.

AFFA-da işlərin yaxşı görüldüyünü bildirən Platini əsas infrastruktur, kütləvi futbola diqqət yetirilməsinin vacibliyini söyləyib: “Futbolunuzun 100 yaşı olsa da, federasiyanız çox gəncdir. O, 1994-cü ildən FİFA və UEFA-nın üzvüdür. Qazaxıstanla oyundan sonra bir az məyus olmusunuz. Ancaq böyük təcrübəmdən deyə bilərəm ki, hərdən udmaq, hərdən də uduzmaq olur. Milli komandanızın Türkiyəni udanda qələbəni 2 gün gün təntənəli qeyd etdiyinizi bilirəm. Qazaxıstana uduzandan sonra isə məyus olmusunuz. Futbol enişli-yoxuşludur. Ola bilər ki, sabah Almaniyaya qalib gəldiniz. Bu da futbolun gözəlliyidir. Yeganə idman növüdür ki, nəticəni əvvəldən demək olmaz. Futbolunuza göstərilən diqqətə görə fəxr etməlisiniz. Bunu dünyanın hər yerində görə bilməzsiniz”.

UEFA prezidenti 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsi ilə bağlı da fikirlərini bildirib: “Final mərhələsinin orada keçirilməsi əvvəldən çətin məsələ idi. İlk mərhələdə təşkilati işlərlə bağlı heç bir problem yox idi, hər şey qaydasında aparılırdı. Ancaq maliyyə böhranı ilə Ukraynada bir az problemlər özünü göstərdi. Həmin vaxt bu ölkədə siyasi vəziyyət də mürəkkəb idi. Ancaq ürəkdən çalışsalar, 2012-ci ilə kimi bütün məsələlərin həllinə nail olacaqlarını hesab edirəm. Müəyyən işlər çox uzun müddət çəksə də, təşkilatçılıq vaxtında başa çatdırılacaq. Əminəm ki, gələn il gözəl Avropa çempionatı keçiriləcək”.

Mehman SÜLEYMANOV