Fərqli məğlubiyyət
07.06.2011 - 22:47
Fərqli məğlubiyyət
Bu gün Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu millimiz 4 gün ərzində keçirdiyi hər görüşdə uduzdu. Ancaq Qazaxıstanla səfər və Almaniya ilə ev məğlubiyyətini fərqləndirməliyik. Belə ki, yığmamız Astanada zəif rəqiblə qorxaq oynadısa, Almaniya kimi güclü rəqiblə görüşdə cəsarətli oynayaraq, kişi kimi məğlub oldu. Hər halda, qonaqlar hesabı açana kimi bir müddət təşəbbüsü ələ keçirən, rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaradan komandamızın qol vurmaq üçün bir neçə imkanı da oldu.

Dünya və Avropa çempionu Bakıdakı oyunun taleyini artıq ilk hissədə həll etdi. Bu da əslən türk olan, Almaniya yığmasında debütünü 2 il öncə Bakıda reallaşdıran Məsut Özilin sayəsində oldu. Özil oxşar epizodlarda əvvəlcə dəqiq zərbə ilə hesabı açdı, ardından Mario Qomesə məhsuldar ötürmə verdi. Bununla da almanların bombardiri Qomes ilk dəfə millimizə qol vurdu. Fasilədən sonra vurulan 2 qol isə son dəqiqələrdə oldu. Əvvəlcə gənc hücumçumuz Murad Hüseynov hesab arasında fərqi minimuma endirdi. Maraqlıdır ki, bu qolda Foqtsun meydana sonradan 3 futbolçu təşkil etdi. Belə ki, Arif İsayevin zərbəsindən sonra müdafiəçidən qayıdan top Rəşad Sadiqova düşdü və onun ötürməsini Murad Manuel Noyerin qapısından keçirdi. Ancaq rəqibin baş məşqçisi Yoahim Lövun meydana buraxdığı futbolçu da öz sözünü dedi. Bu, “Maynts”ın gənc hücumçusu Andre Şürrle son saniyələrdə hesab arasındakı fərqi yenidən 2-yə çatdırdı və oyunda son nöqtəni qoydu. Bununla da qrupumuzun lideri olan almanlar ardıcıl 7-ci qələbəsini qazanaraq, yüz faizli nəticəsini davam etdirir. Millimizin isə Qazaxıstanla oyun sayı və top fərqi (-13) bərabər olsa da, daha çox qol vurduğuna görə 5-ci pillədə qalıb.

Qeyd edək ki, milli komandamız növbəti ev oyununu sentyabrın 2-də evdə Belçika yığması ilə keçirəcək.


Avro-2012-nin seçmə mərhələ oyunu

AZƏRBAYCAN – ALMANİYA - 1:3
QOLLAR: Murad Hüseynov, 89 - Məsut Özil, 30; Mario Qomes, 41; Şurle, 90+3
Baş hakimlər: Mixail Koukoulakis (Yunanıstan)
Hakim-köməkçiləri: Xristos Baltas, Leonidas Vasileidais, Vasilios Pamporidis (hamısı Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
AZƏRBAYCAN: Kamran Ağayev, Rail Məlikov, Elnur Allahverdiyev, Vurğun Hüseynov, Rəşad Sadıqov, Ruslan Abışov, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov, Əfran İsmayılov, Vüqar Nadirov, Vaqif Cavadov.
ALMANİYA: Manuel Noyer, Dennis Aoqo, Filip Lam, Xolqer Badştuber, Mats Xummels, Toni Kroos, Benedikt Xevedes, Tomas Müller, Lukas Podolski, Məsut Özil, Mario Qomes.

1.Almaniya770022-321
2.Belçika732215-1011
3.Türkiyə63129-710
4.Avstriya621310-107
5.Azərbaycan61045-183
6.Qazaxıstan61052-153