“Bakı”nın sabiq baş məşqçisi Rumıniya millisində?
07.06.2011 - 10:26
“Bakı”nın sabiq baş məşqçisi Rumıniya millisində?
“Bakı”nın sabiq baş məşqçisi Vinfred Şafer özünə yeni iş yeri tapa bilər. Apasport.az saytının məlumatına görə, 61 yaşlı almaniyalı mütəxəssis Rumıniya milli komandasının baş məşqçisi olmağa yaxındır.

Şafer bu yığmanın tarixində ilk əcnəbi mütəxəssis olacaq. Düzdür, almaniyalı namizədlər siyahısında 2-ci sırada durur. Lakin Rumıniya Futbol Federasiyasının siyahısında ilk pillədə duran Georgi Hacının təklifi qəbul edəcəyi o qədər də inandırıcı görünmür. Çünki baş məşqçi kimi bir neçə dəfə uğursuzluğa düçar olan əfsanəvi futbolçunun böyük məsuliyyətin altına girmək istəməyəcəyi ehtimal olunur.

Qeyd edək ki, Rumıniyaya qədər də dünyanın bir çox ölkələri məhz almaniyalı məşqçilərə etimad göstərib. Bu da bu ölkədən olan mütəxəssislərin səviyyəsini göstərir. Belə yüksək səviyyəli məşqçilər məktəbinə müraciət edənlər sırasında Azərbaycan da var.

Yığmamızın tarixində bir sıra rekordlara imza atan Berti Foqts da bu məktəbin yetirməsidir. Elə məhz almanların dünyada qazandığı uğurların nəticəsidir ki, rumıniyalılar da istefaya göndərilən Razvan Luçeskunu Şaferlə əvəz etmək istəyir.